Metropoliten İşçiləri Həmkarlar İttifaqında 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

574

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Metropoliten İşçiləri Həmkarlar İttifaqında (MİHİ) tədbir keçirilib.

Tədbirdə 20 Yanvar hadisəsində şəhid olmuş metro inşaatçısı Əflatun Kazımovun oğlu Surac və həmin gecə ağır yaralanmış Mansur Qocayev iştirakı edib.

MİHİ sədri Arif Mərdanov 20 Yanvar hadisəsinin bütün dəhşətlərinə rəğmən, Azərbaycan xalqının əzm, iradə və qətiyyətinin təzahürü, azadlığa aparan yolun başlanğıcı olduğunu qeyd edərək metropolitençi günahsız qurbanlar – Əflatun Kazımov və İlqar Qarayevin də müqəddəs bir amal uğrunda şəhid olmasını metropoliten tarixində daim xüsusi yer tutacağını və əbədi olaraq xatırlanacağını qeyd edib: “Cəmiyyətin çağırışlarına daim səs verən metropoliten işçilərinin həmin gecə xilaskar rolu, iş başında heç nədən qorxmadan çəkinmədən fəaliyyət göstərərək insanların harayına yetişməsi bu kollektivin ən dəyərli keyfiyyətlərinin bariz nümunəsidir”.

Görüşdə digər çıxış edənlər 20 Yanvar gecəsi Azərbaycan xalqının göstərdiyi iradədən, qətiyyətdən, birlikdən, qəhrəmanlıqdan bəhs ediblər. Bildirilib ki, xalqımız bu həmrəyliyini 44 gün davam edən Vətən müharibəsində də dünyaya nümayiş etdirib. Belə ki, bütün xalq bir nəfər kimi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdi. Məhz bu birlik bizim qələbəmizin təməli oldu.

Şəhid Əflatun Kazımovun övladı, hazırda depolar üzrə iş departamentində qaynaqçı işləyən Surac atası ilə bağlı xatirələrini bölüşüb.

20 Yanvar gecəsi yaralanmış Mansur Qocayev həmin gecənin dəhşətlərindən, cəllad gülləsinə tuş gəlməsindən danışıb, xalqın qəhrəmanlıq tarixi olan 20 Yanvar gecəsinin bir parçası olduğu üçün qürur duyduğunu vurğulayıb.

Sonda MİHİ sədri A.Mərdanov hər zaman şəhid ailələrinin qayğıları ilə maraqlandıqlarını, bunu özlərinə müqədəs borc bildiklərini deyib və bundan sonra da bu ənənəni davam etdirəcəklərini qeyd edib.