Azərbaycanı müzəffər edən KOMANDAN

504

Dövlət müstəqilliyinin bərpasının 30-cu il dönümünü misilsiz nailiyyətlər, böyük qələbələrlə qeyd edirik. Bu gün Azərbaycan yalnız müstəqilliyinin deyil, ümumiyyətlə, tarixinin ən qüdrətli dövrünü yaşamaqla bərabər, həm də ən möhtəşəm Zəfərinə müəlliflik edir.
Bu Zəfərin memarı, böyük müvəffəqiyyətlərin səbəbkarı isə möhtərəm Ali Baş Komandanımızdır.
Bu gün cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başlamasının 18-ci ili tamam olur. Amma bu, o demək deyil ki, İlham Əliyev missiyası yalnız 18 illə tamamlanır. Ulu Öndər Heydər Əliyev ailəsində dünyaya göz açmaqla, bu dahi şəxsiyyətdən öyrəndikləri həyatının həm siyasi əlifbası, həm də fəaliyyət müntəxabatı olub. 

Şüurlu şəkildə özünü tanıdığı gündən bu məktəbin yetirməsi kimi formalaşıb və ona görə də Heydər Əliyev məktəbinin ən mükəmməl tələbəsi deyiləndə birmənalı şəkildə cənab İlham Əliyevin adı çəkilir.

Diplomatik məharətin təntənəsi

Hələ Prezident seçilmədən əvvəl də cənab İlham Əliyevin Azərbaycanın ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti kifayət qədər zəngin idi. Bir neçə misal gətirməklə bunu təsdiq etmiş olarıq.
1994-cü ildə Azərbaycanın gələcək inkişafının təməl daşı hesab edilən “Əsrin müqaviləsi”nin imzalanması ilə bağlı danışıqlar prosesi davam edirdi. Düzünü desək, danışıqlar dalana dirənmişdi, müqavilənin imzalanması çətinə düşmüşdü. Həmin zaman Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi fəaliyyət göstərən cənab İlham Əliyevin ABŞ-ın Hyuston şəhərində bir aya qədər aparılan danışıqlardakı fəallığı ilə proses uğurlu məcraya yönəldi. Müqavilənin imzalanması isə Azərbaycanı yeni inkişaf yoluna çıxardı.
Cənab İlham Əliyev 1995-2003-cü illərdə Milli Məclisin deputatı, 2001-2003-cü illərdə isə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası nümayəndə heyətinin rəhbəri kimi fəaliyyət göstərərkən böyük nailiyyətlərə imza atmışdır. Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bir çox beynəlxalq təşkilatların Ermənistanın işğalçı siyasətini pisləyən qətnamələrinin qəbul edilməsində əvəzsiz xidmətlər göstərmişdir.
Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞ PA-nın Büro üzvü seçilmiş, AŞ PA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə təşkilatın fəxri üzvü diplomu və AŞ PA medalı ilə təltif edilmişdir. Bu, əlbəttə ki, cənab İlham Əliyevin uğurlu diplomatik faəliyyətinin bəhrəsi və Azərbaycanın nüfuzunun qat-qat yüksəlməsi demək idi.
Təbii ki, qədirbilən Azərbaycan xalqı bütün bu prosesləri izləyir və cənab
İlham Əliyevə böyük rəğbət bəsləyirdi. Ona görə də 2003-cü il oktyabrın 1-də, prezident seçkiləri ərəfəsində Ulu Öndər Heydər Əliyev xalqa müraciət edib “mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” fikrini söyləyəndə xalq tərəddüd etmədən bu çağırışa birmənalı olaraq qoşuldu. Bu fikirlər Heydər Əliyevin təkcə xalqa vəsiyyəti deyildi, həm də dahi liderin İlham Əliyevə olan ümidi, inamı idi. Bu inamın təntənəsi də cənab İlham Əliyevin 15 oktyabrda keçirilən prezident seçkilərindəki qələbəsi oldu.
15 oktyabr 2003-cü il… Bu təqvim müasir Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifələrindən biri kimi yaddaşlara yazılıb. Həmin gün ölkədə Prezident postuna azad, ədalətli və şəffaf şəkildə keçirilən 5-ci rəsmi seçkilərdə cənab
İlham Əliyev seçicilərin 2 milyon 438 min 787 nəfərinin etimadını qazanaraq Azərbaycanın dövlət başçısı seçildi.

Yeni əsrin praqmatik lideri

Tarix sübut edir ki, hər bir xalqın davamlı və sabit inkişafını hansısa taleyüklü mərhələdə ona rəhbərlik etmiş lider müəyyənləşdirir. 2003-cü ildən vətəndaşlarından etimad mandatı alan Prezident İlham Əliyev məhz xalqın sosial-rifah halının yaxşılaşdırılması, dövlətin qüdrətinin daha da artması istiqamətində həyata keçirdiyi inkişaf konsepsiyası ilə həm alternativsizliyini, həm də hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etdi.
Cənab İlham Əliyevin ötən müddətdə əldə etdiyi böyük siyasi-iqtisadi nailiyyətlər onun liderlik üçün zəruri keyfiyyətlərə malik olduğunu bir daha təsdiqləyir. O, yeni əsrin praqmatik lideri kimi ölkəyə rəhbərlik etdiyi bu müddətdə sübuta yetirdi ki, xalq öz taleyini ona etibar etməkdə qətiyyən yanılmayıb.
Belə bir şəxsiyyətin respublikamıza rəhbər seçilməsi dünyanın tərəqqipərvər, sabitlik, demokratiya, sülh, rifah, inteqrasiya şəraitində yaşamağa üstünlük verən bütün mütərəqqi qüvvələri tərəfindən həm Azərbaycanda, həm də regionda ictimai-siyasi proseslərin məntiqindən doğan labüd hadisə kimi qarşılandı.
Xalqdan etimad mandatı alan cənab İlham Əliyev andiçmə mərasimində Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinin gərəkliyini bildirmişdi. Son 18 ilin uğurları məhz bu vədin konkret əmələ əsaslandığını sübut edir.
Prezident İlham Əliyev ölkəmizin ötən dövrdə qazandığı uğurları diqqətə çatdıraraq bildirmişdir: “2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir”.
18 ildə gerçəkləşdirilməsi inanılmaz görünən nailiyyətlər deməyə əsas verir ki, Heydər Əliyev mənəvi-siyasi irsinin ən layiqli davamçısının müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır.
Reallığı düzgün qiymətləndirmək bacarığı, praqmatikliyi, işgüzarlığı, səmimiliyi, xalqına, millətinə, Vətəninə sevgisi, qətiyyətliliyi, məqsədə doğru inamla irəliləməsi cənab İlham Əliyevə xalqın rəğbət hissini artıran ən mühüm mənəvi keyfiyyətlərdir. Prezident İlham Əliyevin yüksək intellekti, istedadı, şəxsiyyəti, dövlətçilik məharəti ümumi vəhdət təşkil edir. İntellektlə istedadın, ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvi vəhdətinə, yaradıcı sintezinə nail olmaq qabiliyyəti, Azərbaycanın dünəninə, bugününə və sabahına sonsuz, sarsılmaz sədaqət – bunlar cənab İlham Əliyev şəxsiyyətini hər kəsə sevdirən cəhətlərdir. Liderlik xüsusiyyətlərinin əksəriyyət tərəfindən qəbul edilmək, geniş siyasi spektrin inamını qazanmaq və elektoral dəstəyə malik olmaq kimi politoloji bir mənanı ehtiva etdiyini nəzərə alsaq, bu termini bütün kateqoriyalar üzrə cənab İlham Əliyevə şamil etmək olar.

Ulu Öndərin arzularını  reallaşdıran islahatçı Prezident

Müstəqil Azərbaycanın məhz Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişafı ilə dünyada lider mövqeyini qoruyub saxlaması dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olub.
Ümummilli Liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən cənab İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirdi. Prezident özünü azərbaycanlı sayan və bu mənsubiyyətdən qürur duyan hər kəsi Ulu Öndərin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər etdi. Hər bir azərbaycanlı dərk etdi ki, bu ideyalar yaşayır və bizi xəyallarımızda yaşatdığımız demokratik, qüdrətli Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında hələ çox uğurlar gözləyir.
Cənab İlham Əliyev hər zaman söyləyirdi ki, iqtisadi cəhətdən geridə qalmış dövlətlərdə demokratik proseslər də geridə qalır. O ölkələr ki, onlar iqtisadi cəhətdən güclüdürlər, həmin ölkələrdə demokratiyanın inkişafı da çox yüksək zirvədədir. Məhz bu prinsipi əsas tutaraq Azərbaycan Prezidenti ölkə iqtisadiyyatının inkişafı, xüsusilə də regionların sosial-iqtisadi inkişafı istiqamətində yüksəliş planları, layihələr və islahatlar həyata keçirməyə başladı.
2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına başlayarkən Azərbaycan cəmi 1,8 milyard dollar valyuta ehtiyatlarına sahib idi. Bu gün isə həmin rəqəm 52 milyard dollara yüksəlib. Azərbaycan iqtisadiyyatına müstəqillik illərində 260 milyard dollardan çox investisiya yatırılıb. Bunun böyük hissəsi xarici sərmayədir. Bu da bir daha təsdiq edir ki, cənab İlham Əliyevin Azərbaycanda yaratdığı biznes və investisiya mühiti xarici sərmayədarların ölkəmizə investisiya yatırması prosesinə də müsbət təsir göstərib.
Bu dövrdə Azərbaycanın iqtisadi uğurları daha da böyüdü. İqtisadi nailiyyətləri ilə hər zaman diqqət mərkəzində olan ölkəmizin valyuta ehtiyatları, o cümlədən Azərbaycana qoyulan sərmayələrin həcmi artdı, güclü sahibkarlıq sinfi yarandı.
Ölkədə qeyri-neft sektorunun inkişafı yeni neft strategiyasının məntiqi davamı oldu. Güclü iqtisadiyyatın hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı mühüm tədbirlər gördü. Yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafını sürətləndirdi. Ölkədə yüzlərlə məktəb tikildi, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Bütün bunların təməlində isə uğurlu enerji siyasəti dayandı. Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub qaz dəhlizi”, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətə başlaması, “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizləri, ümumiyyətlə, nəhəng infrastruktur layihələrinin icrası Azərbaycanı regionun nəqliyyat-tranzit, eləcə də logistik mərkəzinə çevirdi.
Dövlət başçısının düşünülmüş, məqsədyönlü və ən əsası, tam müstəqil siyasəti Azərbaycanın regional və beynəlxalq miqyasda nüfuzunun daha da artmasına gətirib çıxardı. Bu siyasət həm də Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini, kosmik klubun üzvünə və beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsini təmin etdi.
Müasir qloballaşma dövründə istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən Prezident İlham Əliyev beynəlxalq miqyasda da əsl lider olaraq ehtiramla qarşılandı. Bu mənada fəxarət doğuran məqamlardan biri də cənab İlham Əliyevin dünyada dərin analitik təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi iradəyə malik lider kimi qəbul olunmasıdır. Qətiyyəti, diplomatik məharəti onu dünyanın nüfuzlu siyasi rəhbərləri cərgəsinə çıxarıb. Ona görə Azərbaycan Prezidentinin şəxsiyyəti bu gün beynəlxalq səviyyədə ehtiramla qəbul olunur. Təsadüfi deyil ki, dövlət başçısının hadisələrə baxışı, münasibəti hər bir beynəlxalq tədbirin diqqətlə izlənilən məqamlarındandır.
Prezidentin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində ölkədə aparılan kompleks islahatlar Azərbaycanın hər il yeni rekorda imza atmasına imkan yaratdı. Dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunan Dünya Bankının “Doing Business-2019” hesabatı İlham Əliyevi ən islahatçı Prezident kimi dəyərləndirdi. Hesabata əsasən Azərbaycan dünyanın 10 islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Cənab İlham Əliyevin apardığı kompleks islahatlar ölkəmizə “dünyada ən islahatçı ölkə” imici qazandırmaqla yanaşı, davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin edib.

Sadiq silahdaşı ilə hər zaman xalqın yanında

Dövlət idarəçiliyi sisteminə müasirlik çalarları gətirmiş cənab İlham Əliyev hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat verməsini sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin mühüm şərti hesab etməklə yanaşı, son 18 ildə müstəqil Azərbaycanın davamlı, dönməz inkişaf yoluna çevrilmiş demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesinin keyfiyyətcə yeni mərhələsi kimi dəyərləndirir.
Siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanan Prezident bütün dövrlərdə xalqla birbaşa təmasa üstünlük verərək yerlərdə sıravi vətəndaşlarla daim görüşür, onlarla səmimi söhbətlər edərək problemlərinin həlli istiqamətində çevik qərarlar qəbul edir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları qəbul edilməzdən öncə də ictimaiyyət nümayəndələri ilə mütəmadi görüşən Prezident problemləri, çatışmazlıqları dərindən öyrəndikdən sonra qərar qəbul edir, layihələri təsdiqləyir.
Şad gündə də, dar gündə də ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə xalqın yanında olan dövlət başçısı bu xüsusiyyətinə görə də hər kəsin qəlbinə yol tapıb.
Ümumiyyətlə, cənab İlham Əliyevin fəaliyyətinin uğurlarını təmin edən bir neçə mühüm faktor var. Bunlar Prezidentin şəxsi bacarığı, qabiliyyəti və eyni zamanda ən yaxın silahdaşı, çiyindaşı Mehriban xanım Əliyevanın xidmətləri ilə bağlıdır. Birinci vitse-prezidentin yürütdüyü siyasət cənab İlham Əliyevin fəaliyyətinə böyük dəstəkdir. Bu gün Mehriban xanımın həyata keçirdiyi layihələr həm dövlət quruculuğu prosesinə dəstəkdir, həm də Prezidentin fəaliyyətinə xalq inamını möhkəmləndirən vasitədir.
Etiraf etməliyik ki, dünyanı ağuşuna alan qlobal pandemiya bütün dövlətlər kimi, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Amma cənab İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlərlə dövlət bu prosesdən az itki ilə çıxmağa nail oldu. Məhz belə bir çətin dönəmdə Prezident ən böyük sosial dəstək proqramları qəbul etdi. İşsiz qalan vətəndaşların maaşları dövlət tərəfindən qarşılandı.
Sosial məsələlərlə bağlı Prezidentin imzaladığı bütün sərəncamlar, fərmanlar göstərdi ki, həyata keçirilən siyasətin mərkəzində vətəndaşların yüksək rifah halının təmin olunması dayanır.
Göründüyü kimi, cənab İlham Əliyevin xarakter etibarilə səmimi, praktik siyasətçi olması onun sıravi vətəndaşlarla təmaslarında daha qabarıq şəkildə üzə çıxır. Dövlət başçısı bütün müdrik dövlət adamlarına xas olan qabiliyyətlə hər kəslə dil tapmağı, Prezident-vətəndaş arasındakı psixoloji səddi aradan götürməyi bacarır. Bütün bunlar isə dövlət rəhbərinə xalqın böyük rəğbətini, inamını qazandırıb.

Hücum diplomatiyası, modern ordu quruculuğu

Torpaqlarımız işğal altında idi və bu, Prezident İlham Əliyevi daim narahat edən ən mühüm məsələ olaraq qalırdı. Bu səbəbdən də dövlət başçısı hücum diplomatiyası yürütməklə bərabər, ordu quruculuğu prosesinə də xüsusi diqqət ayırırdı.
Bütün dövrlərdə hücum diplomatiyası ilə işğalçı Ermənistanın terrorçu hakimiyyətini ifşa etdi, bir çox ölkələrin, təşkilatların bu istiqamətdə qətnamalər qəbul etməsinə nail oldu. Qəbul edilən bütün sənədlərdə Ermənistan işğalçı dövlət kimi tanındı. Lakin dünyada mövcud olan ikili standartlar prinsipi Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tənzimlənməsinə imkan vermədi. Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi və bu da işğalçının “əl-qolunu” bir qədər də uzatdı. Cəzasızlıq mühitindən yararlanan Ermənistan sülh danışıqları prosesindən dəfələrlə yayındı.
Ali Baş Komandan kimi ordu quruculuğu prosesini davamlı gücləndirən cənab İlham Əliyevin Silahlı Qüvvələrdə həyata keçirdiyi islahatlarla ordumuz yeni inkişaf mərhələsinə qədəm qoydu. Müasir hərbi texnikalar, silah-sursatlar, maddi-texniki təminat getdikcə daha da modernləşdi.
2005-ci ildən Azərbaycan özü silah-sursat istehsalına başladı. Ən müasir hərbi texnika, silah-sursat istehsal olunması ilə bərabər, eyni zamanda xarici dövlətlərdən də silahlar almağa başladı. Bununla yanaşı, müasir standartlara uyğun hərbi hissələr qurulmağa başlanıldı, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində mühüm işlər görüldü.
İşğalçı Ermənistanın dövlət büdcəsindən daha çox olan hərbi büdcəmiz imkan verirdi ki, Azərbaycan öz ordusunun arsenalını ən müasir döyüş texnikaları ilə zənginləşdirsin.
İllər keçdikcə Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndi. Ali Baş Komandanın ordu quruculuğu siyasəti mükəmməl nəticələr verdi. Həm hərbi texnikalarımız, həm də silah-sursatlarımız mütəmadi olaraq yeniləndi.
Bunun nəticəsi isə 2016-cı ilin Aprel, 2018-ci ilin Günnüt döyüşlərində özünü göstərdi. Ordumuzun zəfəri ilə bitən hər iki döyüşdə hərbi qulluqçularımızın qəhrəmanlığı, mərdliyi düşmənə gücümüzü göstərdi. Bu döyüşlər Azərbaycan Ordusunun istənilən tapşırığı yerinə yetirməyə qadir olduğunu bir daha təsdiqlədi.

Şanlı Zəfərin memarı 

Azərbaycan Prezidenti son 18 ildə yürütdüyü siyasətlə sülh tərəfdarı olduğunu dünyaya dəfələrlə nümayiş etdirdi. Amma işğalçı Ermənistanın terrorçu rəhbərliyi öz çirkin əməllərindən əl çəkmir, hətta Azərbaycanı təxribatlara çəkən oyunlarla oynayırdı.
Hakimiyyət dəyişikliyindən sonra baş nazir postuna oturan Nikol Paşinyan isə öncə Dağlıq Qarabağ münaqişəsinin sülhlə həlli istiqamətində addımlar atacağı ilə bağlı fikirlər səsləndirsə də, bir müddət sonra Koçaryan-Sarkisyan rejiminin “siyasi xəttini” davam etdirməyə başladı. Hətta “Qarabağ Ermənistandır” sərsəm fikrini səsləndirib, qədim qalamız olan Şuşada Azərbaycan xalqını təhqir edən hərəkətlərlə səbir kasamızı daşdırdı.
Sentyabrın 27-də Ermənistan silahlı birləşmələri bütün cəbhəboyu ərazilərdə yenidən təxribata əl atdı. Ali Baş Komandan isə illərlə gözlənilən hücum əmrini verdi və Vətən savaşı başladı.
Xalqa müraciətində Ali Baş Komandan bəyan etdi ki, biz öz torpaqlarımızda vuruşuruq, erməni əsgəri Azərbaycan torpaqlarını tərk etməyincə əməliyyatlar dayanmayacaq. Sülh danışıqları isə o zaman başlaya bilər ki, Ermənistan rəhbərliyi ordusunun torpaqlarımızdan nə zaman çıxması ilə bağlı Azərbaycana təqvim planı təqdim etsin. Əks təqdirdə düşmən məhv ediləcək.
Ali Baş Komandanın xalqa müraciətindəki mətinlik, qətiyyət onu göstərdi ki, cənab İlham Əliyev güclü ordusuna və arxasında dayanan Azərbaycan xalqına güvənir. Xalq isə hər zaman olduğu kimi, öz liderinə arxalanır və qələbə müjdəsini səbirsizliklə gözləyirdi ki, bu da çox çəkmədi.
Müzəffər Komandanın “dəmir yumruq” əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürdü. Azərbaycan Ordusunun hər döyüşü qəhrəmanlıq dastanına çevrildi. İgid Azərbaycan oğulları şərəfləri ilə ən böyük tariximizi yazdılar, qanları, canları bahasına, heç nədən qorxmadan, çəkinmədən, ölümün gözünə dik baxaraq xalqın 30 illik həsrətinə son qoydular.
Hər bir xalqın tarixində xilaskar rolunu oynayan Lider var. O Lider xalqının taleyüklü məsələsinin həllində xilaskarlıq missiyasını üzərinə götürüb cəsarət nümayiş etdirir və adını əbədi olaraq dövlətinin şanlı tarixinə yazdırır. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan Ali Baş Komandan İlham Əliyev məhz həmin liderlərdən biridir. Çünki məhz İlham Əliyevin Sərkərdəliyi ilə çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü.
Məhz cənab İlham Əliyevin diplomatik məharətinin nəticəsində Ermənistan illərlə möhkəmləndiyi, “keçilməz” istehkamlar qurduğu Ağdamı, Laçını, Kəlbəcəri bir güllə atılmadan Azərbaycana qaytardı. Bu, Ali Baş Komandan və qətiyyətli Lider prinsipiallığının, cəsarətinin təntənəsi idi.
Şanlı Zəfərlə cənab İlham Əliyev hər bir azərbaycanlının qəlbində əbədi heykəlini ucaltdı və bir daha alternativsiz Lider olduğunu isbatladı.
Qarabağı “dəmir yumruq”la azad edən Ali Baş Komandan bu gün dəmir iradə ilə qədim yurdumuzu yenidən qurur. Bütün şəhər və qəsəbələrin, rayonların, kəndlərin baş planını təsdiq edir və aparılan tikinti-quruculuq işləri ilə şəxsən maraqlanır. İşğaldan azad edilən ərazilərimizə Qalib Sərkərdə kimi səfər edərək düşmənə gözdağı verir.
Bu gün Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, dahi şəxsiyyət Heydər Əliyev özünün qurub-yaratdığı şah əsəri olan müstəqil respublikamızın taleyini öz məktəbinin layiqli davamçısı cənab
İlham Əliyevə əmanət edib. Heydər Əliyev dühasından bəhrələnərək onun siyasi kursunu 18 ildir ki, ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində bu gün müstəqil Azərbaycan daha möhtəşəm gələcəyə doğru addımlayır.
Üç gündən sonra Azərbaycan dövləti müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edəcək. İlk dəfə olaraq bu bayramı alnımız açıq, başımız dik, iftixarla yaşayacağıq. Çünki müstəqilliyimiz tarixində heç vaxt indiki kimi güclü, qüdrətli və istiqrarlı olmamışıq.

Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı,
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri