S.Möhbalıyev: “Dövlətimizin başçısı Brüsseldə verdiyi müsahibələrdə əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırdı”

595

“2020-ci ilin 27 sentyabr tarixindən – Vətən müharibəsi başlayan gündən dövlətimizin başçısı cənab İlham Əliyev bütün cəbhələrdə ön cərgədə idi. Həmin vaxt beynəlxalq aləm onun informasiya cəbhəsində nə cür böyük ustalıqla mübarizə apardığına şahid oldu. Dövlətimizin başçısı, özünün bilik və bacarığı, tutarlı arqumentləri ilə Ermənistan tərəfinin yalan və böhtanlarını, həqiqətə uyğun olmayan təbliğatlarını alt-üst etdi, dəmir məntiqi ilə Azərbaycana qarşı informasiya blokadasını peşəkarlıqla yardı, əsl həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Onun müharibə ilə bağlı 30-dan artıq dünyanın aparıcı KİV-nə müsahibəsi XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də Azərbaycanı qalib etdi. Artıq Ermənistan tərəfinin və onun havadarlarının yalançı fikirlərini əsaslandırmağa heç bir faktı və arqumenti qalmamışdı, mat vəziyyətinə düşmüşdülər. Cənab Prezidentin verdiyi məlumatlar mövzu ilə bağlı xəbər verən media nümayəndələrinin, şərhlər verən ekspertlərin istinad mənbəyi idi. Dövlətimizin başçısı Brüssel səfəri zamanı İspaniyanın “El Pais” və İtaliyanın “İl Sole 24 Ore” qəzetlərinə müsahibələri ilə də postmüharibə dövrünün reallıqlarını dünya ictimayyətinin diqqətinə çatdırdı.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, hər iki müsahibəsində dövlətimizin başçısı Azərbaycanın bölgəyə gətirdiyi yeni reallıqlar, bunun region ölkələri üçün perspektivləri, geosiyasi və geoiqtisadi əhəmiyyəti barədə ətraflı şərh verdi: “Prezident məntiqi mühakimələri və analitik təhlili ilə Azərbaycanın sülhün, sabitliyin tərəfində olduğunu, nəzərdə tutulan layihələrin regionda əmin-amanlığa, tərəqqiyə, iqtisadi inkişafa geniş yol açacağını hərtərəfli əsaslandırdı. Aydın görünür ki, yeni reallıq regionun inkişafına əlavə stimul olacaq yeni əməkdaşlıq formatları müəyyən edir. Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda yeni fəal əməkdaşlıq imkanları yaranır. Bu, tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində xeyli əhəmiyyətli addımdır. Artıq reallığa çevrilən Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin əsas hissəsini təşkil edəcək və bütün region üçün yeni inkişaf imkanları açacaq. Bu, türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir. Ermənistan tərəfinin bunu dəyərləndirməsi, layiqincə qiymətləndirməsi onların gələcək inkişafı üçün olduqca əhəmiyyətlidir”.

“Dövlətimizin başçısı baş verə biləcək revanşizm cəhdlərinin qarşısının dərhal alınacağı ilə də bağlı mesaj verdi. Təbii ki, revanşist xarakterli təxribatların

Ermənistan tərəfi üçün heç bir nəticəsi olmayacaq. Onsuz da, ağır olan vəziyyətlərini daha da ağırlaşdıracaq və ölkələrini düşdükləri bataqlıqda qərq edəcəklər. Qalib Azərbaycanın diktə etdiyi şərtləri mütləq qəbul etməlidirlər, onların gələcək inkişafı məhz bundan asılıdır. Brüssel bəyanatında da əksini tapan məsələlər Azərbaycanın müəyyən etdiyi reallıqlar üzərində qurululub. Artıq geriyə dönüşün mümkünsüzlüyü göz önündədir. Ermənistan qonşuları ilə mehriban münasibətlərdə yaşamağı öyrənməlidir”, – Milli Məclisin deputatı bildirib.

AHİK sədri deyib ki, müsahibədə də toxunulduğu kimi, Avropa Komissiyası tərəfindən Ermənistana 2.6 milyard dollar, Azərbaycana isə 140 milyon dəstək paketinə gəldikdə isə bu, ədalətsiz bir münasibətdir: “Dövlətimizin başçısı da bunun ətraflı şərhini verdi. Uzun müddət işğal siyasəti yürüdən, Azərbaycan ərazilərini xarabalıqlara çevirən, sakinlərini məcburi köçkün vəziyyətinə salan Ermənistana bu məbləğdə dəstək, təbii ki, ikrah yaradır. İşğaldan azad olunmuş ərazilərin bərpası, minaların təmizlənməsi prosesi, sakinlərin öz ata-baba yurdunda yerləşdirilməsi daha çox vəsait tələb edir. Avropa İttifaqının bu cür yanaşması təəccüb doğurur”.