ATİAHİ Respublika Komitəsinin VI Məclisi keçirilib

897

Dekabrın 15-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin onlayın formatda VI Məclisi keçirilib.

ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev iclasın gündəliyi ilə Məclis üzvlərini tanış edib. Gündəlikdə “ATİAHİ Respublika Komitəsinin Məclis üzvləri arasında qismən dəyişiklik edilməsi barədə”, “ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyətinin tərkibində qismən dəyişiklik edilməsi barədə”, “2022-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının xidmətində olan üzv təşkilatlarda hesabat-seçki yığıncaqlarının (konfransların) keçirilməsi barədə”, “Kollektiv Saziş və kollektiv müqavilələrin şərtlərinin yerinə yetirilməsi, o cümlədən ittifaq üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarının müdafiəsi sahəsində üzv təşkilatların fəaliyyəti barədə”, “II Qarabağ Müharibəsində iştirak etmiş təhsil işçiləri və onların ailə üzvlərinin sosial müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə”, “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin büdcə göstəricilərinin təsdiqi barədə”, “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi aparatının ştat cədvəlinin təsdiqi barədə” məsələlər öz əksini tapıb.

İclasda gündəlikdə duran hər bir məsələ ilə bağlı müvafiq qərarlar qəbul edilib.

“Kollektiv Saziş və kollektiv müqavilələrin şərtlərinin yerinə yetirilməsi, o cümlədən ittifaq üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarının müdafiəsi sahəsində üzv təşkilatların fəaliyyəti barədə” məsələnin müzakirəsi zamanı qeyd olunub ki,       Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanmış Baş Kollektiv Sazişə əsaslanaraq ATİAHİ Respublika Komitəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında 2021-2023-cü illər üçün Kollektiv Saziş bağlanıb. Həmin Kollektiv Sazişi eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsini, “Həmkarlar İttifaqları Haqqında” Azərbaycan Respublikasının Qanununu, təşkilatın Nizamnaməsini və Respublikası Komitəsinin qərar və tövsiyələrini əldə rəhbər tutaraq şəhər və rayon həmkarlar ittifaqı komitələri müvafiq təhsil şöbələri ilə, ilk təşkilatlar isə müvafiq təhsil müəssisəsi rəhbərləri ilə kollektiv müqavilə bağlayıblar.

Kollektiv müqavilələrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 31-ci maddəsinə uyğun olaraq, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları, o cümlədən əməyinin ödənilməsi qaydaları və miqdarı, müavinətlərin, əlavələrin və digər ödəmələrin müəyyən edilməsi, iş və istirahət vaxtı, məzuniyyətlərin müddətləri haqqında şərtlər, işçilərin əmək şəraitinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi, işəgötürənin təşəbbüsü ilə işçinin əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı təşkilatı ilə razılaşmaların aparılması və digər öhdəliklər öz əksini tapıb. Öhdəliklərin yerinə yetirilməsi ilə bağlı bir sıra işlər görülüb ki, onlardan biri təhsil sahəsində çalışan 6 110 əlilin əməkhaqlarına müvafiq olaraq 10-25 faiz artımın əlavə edilməsi olub.

Məsələyə münasibət bildirən S.Möhbalıyev qeyd edib ki, bunun təmin edilməsi müsbət nəticə kimi qeyd edilməlidir. O həmçinin bildirib ki, rayon, şəhər və rayon hüquqlu komitələr daim kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsinə nəzarət etməlidir. Həmçinin kollektiv müqavilə hazırlanan zaman bu sənədin kollektiv arasında müzakirəsi təmin edilməli, ittifaq üzvlərini narahat edən problemlər nəzərə alınmalıdır. Eyni zamanda ittifaq üzvlərinin müraciətlərinə həssas yanaşılmalı, onları narahat edən problemlərin həllinə kömək göstərmək lazımdır.

“II Qarabağ Müharibəsində iştirak etmiş təhsil işçiləri və onların ailə üzvlərinin sosial müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə” məsələnin müzakirəsi zamanı isə qeyd olunub ki, Vətən müharibəsi başlanan gündən ATİAHİ Respublika Komitəsi və onun xidmətində olan şəhər, rayon, rayon hüquqlu təşkilatlar, o cümlədən ali və orta ixtisas təhsili məktəblərinin həmkarlar ittifaqı komitələri Azərbaycan Respublikasının Silahlı Qüvvələrin əsgər və zabitlərinə maddi və mənəvi kömək göstərilməsini daim diqqət mərkəzində saxlayıb. Belə ki, ATİAHİ Respublika Komitəsi tərəfindən Silahlı Qüvvələrinin Fonduna 350 000 manat maliyyə vəsaiti köçürülüb, 17 800 manat məbləğində gündəlik tələbat malları  alınaraq cəbhə bölgəsinə göndərilib. Bununla yanaşı, bəzi şəhər, rayon və ali məktəblərin həmkarlar ittifaqı komitələrinin əməkdaşları həmin ərəfədə cəbhəyanı bölgələrdə olmuş və orada xidmət edən əsgər və zabitlərə lazımi dəstək göstəriblər. Ümumilikdə 760 nəfər təhsil işçisi ordu sıralarında döyüşərək qələbəmizin təmin olunmasında yaxından iştirak etmişlər. 20 nəfər təhsil işçisi – Gəncə şəhəri, 14 №-li tam orta məktəbin riyaziyyat müəllimi Rabil İsmayılov və 16 №-li tam orta məktəbin müəllimi Rəşad Məmmədov, Lənkəran şəhəri, 6 №-li tam orta məktəbin  müəllimi Etiram Hüseynli və 7 №-li tam orta məktəbin  müəllimi Emil Qurbanov, Ağdam rayonu, 19  №-li köçkün tam orta məktəbin  müəllimi Vüqar Vəliyev, Abşeron rayonu, Masazır 5  №-li tam orta məktəbin  müəllimi Qoşqar Ömərov, Ağstafa şəhəri, 1  №-li tam orta məktəbin  direktoru Elvin İmaməliyev, Beyləqan rayonu, Təzəkənd kənd orta məktəbin müəllimi Əvdil Quliyev, Cəlilabad rayonu, Fərdili kənd ümumi orta məktəbin müəllimi Tural Rəhimov, Daşkəsən rayonu, Gurbulaq kənd  ümumi orta məktəbin müəllimi Vidadi İsrafilov, Gədəbəy rayonu, Dəyəqarabulaq kənd tam orta məktəbin  müəllimi Kənan Müzəffərli, İsmayıllı şəhəri, 3  №-li tam orta məktəbin  müəllimi Famil Əhmədzadə, Lerik rayonu, Şors kənd ümumi orta məktəbin müəllimi Elgün Quliyev, Saatlı Rayonu Təhsil Şöbəsinin əməkdaşı Xalid Nəçiyev, Sabirabad rayonu, Qaraqaşlı kənd  tam orta məktəbin  müəllimi Elxan Rzayev, Samux rayonu, Çobanabdallı kənd  tam orta məktəbin  təsərrüfat müdiri Həsən Məmmədli, Salyan Peşə Liseyin texniki işçisi Vidadi Əhmədov, Oğuz rayonu, Sincan kənd tam orta məktəbin  müəllimi təşkilatçısı Rəvan Lətifov, Tovuz rayonu, Hacılar kənd orta məktəbin  texniki işçisi Tural Sarıyev və Respublika Uşaq-Gənclər İdman Məktəbinin gözətçisi Ceyhun Adıgözəlov Vətən uğrunda gedən döyüşlərdə şəhid olublar. Bir ittifaq üzvümüz də Goranboy rayonu, Tap Qaraqoyunlu kənd uşaq bağçasının musiqi müəllimi Ziyadova Flora Qaraş qızı 29 oktyabr 2020-ci il tarixdə erməni təxribatı zamanı yaşadığı evinə mərmi düşməsi nəticəsində həlak olub və müvafiq icra orqanları tərəfindən ona şəhid statusu verilib. Məsələnin müzakirəsi zamanı İkinci Qarabağ müharibəsində iştirak edən ittifaq üzvlərinə və ailələrinə yardım edib, şəhid ailələrini, qaziləri diqqətində saxlayıb, xüsusi qayğı göstərib. Məsələnin müzakirəsi zamanı rayon, şəhər, rayon hüquqlu həmkarlar ittifaqı komitələri tərəfindən bu istiqamətdə görülmüş işlər barədə geniş məlumat verilib.

Məsələyə münasibət bildirən S.Möhbalıyev deyib ki, 2020-ci il və 2021-ci ilin ilk 9 ayı ərzində AHİK pandemiya və Vətən müharibəsi ilə əlaqədar ümumilikdə 21.933.446 manat vəsait xərcləyib. Belə ki, 44 günlük müharibə dövründə AHİK və onun üzv təşkilatları tərəfindən “Silahlı Qüvvələrə Yardım Fondu”na 1 036 815 manat, “YAŞAT” Fonduna 594 770 manat, “Qarabağ Dirçəliş Fondu”na 600 000 manat, Silahlı Qüvvələrə və cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayan və müharibədən əziyyət çəkən sakinlərə 1 610 771 manat, Naxçıvan Muxtar Respublikasının həmkarlar ittifaqlarına 150 000 manat vəsait köçürülüb. AHİK və onun üzv təşkilatları tərəfindən həmişə diqqətdə saxlanılan şəhid ailələrinə və qazilərə ümumilikdə 1 915 913 manat maddi yardım göstərilib. 13 735 şəhid ailəsinə və qaziyə birdəfəlik yardım edilib. 164 şəhid ailəsinin 274 övladı himayəyə götürülüb və 18 yaşına kimi hər ay onlara maddi yardım göstəriləcək: “Şəhid ailələri, onların övladları dövlətimiz tərəfindən hər cür qayğı ilə əhatə olunub. Lakin mən tövsiyə edirəm ki, həmkarlar təşkilatları bu ailələri diqqətdən kənar qoymamalıdır. Pandemiya qaydalarını əməl etmək şərti ilə imkanınız daxilində onları bayram münasibətilə təbrik edin, şəhid övladlarına hədiyyələr təqdim edin. Onlara baş çəkin”.

Daha sonra iclasda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin büdcə göstəriciləri və Respublika Komitəsi aparatının ştat cədvəli təsdiq edilib.

Tədbirin sonunda S.Möhbalıyev gələcək fəaliyyətlə bağlı rayon, şəhər və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin sədrlərinə tövsiyələrini çatdırıb.