AHIK
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
Ana səhifə AHIK Xəbərləri Zəfər siyasətinin banisi

Zəfər siyasətinin banisi

651

Hər bir xalq tarixən yaranmış əlverişli şəraitdə özünün mənəvi-intellektual potensialı, zəngin mədəniyyəti, milli özünüdərk səviyyəsi ilə ali idealına – milli dövlətçilik, müstəqillik ənənələrinin bərpasına can atır.

Zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqı üçün belə real tarixi şans ötən əsrin ikinci yarısında – böyük dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda respublikaya rəhbər seçilməsi ilə yaranmışdır.

Həmin dövrdə Azərbaycan iqtisadi göstəricilərinə görə keçmiş SSRİ-də sonuncu yerlərdən birini tuturdu. Respublikada iqtisadi-siyasi böhran ilbəil dərinləşirdi. Cəmiyyət həyatının ən müxtəlif sahələrində ideoloji-siyasi, sosial-iqtisadi və mənəvi böhran hökm sürür, neqativ hallar baş alıb gedirdi. Respublikamız milli gəlirin inkişaf tempinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsalatda tətbiqinə, ictimai əməyin məhsuldarlığına görə ümumittifaq göstəricilərindən geridə qalırdı. Yaranmış vəziyyətdə keçmiş SSRİ rəhbərliyi çıxış yolunu kadr dəyişikliyində görərək ciddi və hərtərəfli araşdırmalardan sonra müxtəlif namizədlər arasında təşkilatçılığı, yüksək idarəçiliyi, savadı ilə fərqlənən, xalqın səciyyəvi milli xüsusiyyətlərinə dərindən bələd olan Heydər Əliyevin üzərində dayandı.

Zəngin təbii sərvətlərinə, istehsal potensialına baxmayaraq, Azərbaycanın keçmiş SSRİ-nin geridə qalmış respublikaları sırasına düşməsinin səbəblərini ilk günlərdən araşdıran Heydər Əliyev iqtisadi inkişafa xidmət edən kompleks tədbirlərin həyata keçirilməsini təmin etməklə peşəkar strateq və müdrik dövlət xadimi olduğunu sübuta yetirmişdir. Ümummilli Lider respublikada ilk növbədə milli-mənəvi ruhu yüksəltməklə azərbaycanlıların öz tarixi ənənələrinə, köklərinə bağlılığını sürətləndirməyə, xalqın müstəqil yaşaya bilməsi üçün lazım olan iqtisadi və maddi-texniki bazanın formalaşdırılmasına çalışmışdır.

Azərbaycan 70-ci illərdə kənd təsərrüfatı və sənaye məhsulları istehsalına görə keçmiş SSRİ-də ön yerlərdən birinə yüksəlmiş, milli gəlir artmış, respublika böyük tikinti-quruculuq meydanına çevrilmiş, yeni-yeni istehsal müəssisələri fəaliyyətə başlamışdı. Ümummilli Liderin böyük qətiyyət və iradə əsasında formalaşdırmağa başladığı sənaye potensialı əsasında respublikamız 70-ci illərdə neft maşınqayırması, məişət kondisionerləri, elektrik mühərrikləri, elektromaqnit avadanlığı, soyuducular, sintetik kauçuk, boru-prokat, şüşə və şüşə qablar və s. istehsalına görə ittifaq miqyasında qabaqcıl mövqelərə çıxmışdı.

Ümummilli Lider Heydər Əliyev respublika rəhbərliyinə seçildiyi ilk gündən neqativ hallara qarşı mübarizəni gücləndirərək ali təhsil ocaqlarına qəbul prosesinin şəffaf, obyektiv və azad şəraitdə keçməsi üçün bütün zəruri tədbirləri həyata keçirmiş, bu sahədə ciddi dönüşün yaranmasına nail olmuşdur. 70-ci illərin əvvəllərində bir sıra ali təhsil ocaqlarının, o cümlədən Azərbaycan Dövlət Universitetinin rəhbərliyi dəyişdirilmiş, xoşagəlməz stereotiplərin aradan qaldırılmasına başlanılmışdır. Ali məktəblərə qəbulun şəffaflığını təmin edən, bu sahədəki əyintilərin kökünü kəsmək niyyətini cəsarətlə, qətiyyətlə, addım-addım gerçəkləşdirən Heydər Əliyevin səyləri ilə universitetin Hüquq fakültəsi yenidən istedadlı gənclərin üzünə açılmış, burada təhsilin səviyyəsi və nizam-intizamla yanaşı, hüquqşünas kadr hazırlığı işi də keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

Azərbaycana birinci rəhbərliyi dövründə milli mənafelərə xidmət edən çoxşaxəli addımları ilə xalqın istiqlal və azadlıq duyğularının gerçəkləşməsinə real siyasi-hüquqi və iqtisadi zəmin hazırlamış Ümummilli Lider respublikamızı müstəqilliyə qovuşduran mürəkkəb ictimai-siyasi proseslərin də mərkəzində olmuşdur. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın çağırışına cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərərək xalqımızı vətəndaş müharibəsindən, milli müstəqilliyin itirilməsi təhlükəsindən, hərc-mərclik və xaos mühitindən qurtarmışdır. 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmizin həyatında yeni dövrün əsası qoyulmuşdur.

Ölkədə xalqın iradəsi ilə baş vermiş qanuni hakimiyyət dəyişikliyindən sonra dövlətin müstəqilliyinin praktik müstəvidə özünü göstərməsi üçün real əsaslar yaranmışdır. Heydər Əliyevin prezident seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi sürətlənmişdir. Ulu Öndər ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmalı olmuşdur. Qanunsuz silahlı dəstələr zərərsizləşdirilmiş, Azərbaycanın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.

Mövcud reallıqlar o dövrdə əldə olunmuş atəşkəsin ölkə üçün həlledici əhəmiyyətini tam şəkildə üzə çıxarırdı. Atəşkəs sazişinin imzalanması ilk növbədə bir neçə taleyüklü problemlə üz-üzə dayanmış respublikamızın xaosdan, anarxiyadan qurtulmasına, Azərbaycanın dövlətçilik əsaslarının formalaşdırılmasına, ölkədə demokratikləşmə prosesinin əsasının qoyulmasına real zəmin yaratmışdır.

1995-ci ilin 12 noyabrında müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilmişdir. Böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyev dünyanın müasir reallıqlarını obyektiv şəkildə qiymətləndirərək Əsas Qanunun inkişaf etmiş dövlətlərin təcrübəsini və milli maraqları, ölkənin özünəməxsus xüsusiyyətlərini, milli-mənəvi dəyərləri unikal bir formada özündə ehtiva edən ali hüquqi sənəd kimi hazırlanmasına nail olmuşdur.

Milli inkişaf strategiyasının nəzəri-praktik əsaslarının formalaşdırılması və praktik şəkildə tətbiqi də məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Ümummilli Lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu bir ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürərək, onun həyata keçirilməsinə çalışmışdır. 1994-cü ildə dünyanın iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanı bütün dünya üçün önəmli mərkəzə çevirmişdir. Bu hadisə Azərbaycanda ictimai-siyasi sabitliyin qorunmasına, müstəqilliyimizin əbədiliyinə, respublikamızda demokratik proseslərin inkişafına əsas yaradan amilləri daha da möhkəmləndirmişdir. Ümummilli Liderin irəli sürdüyü ideya əsasında “Əsrin boru kəməri” kimi tarixilik qazanmış Bakı-Tbilisi-Ceyhan dünyanın geosiyasi mənzərəsini dəyişmişdir.

Həmin dövrdə həyata keçirilən kompleks islahatlar qısa zamanda iqtisadiyyatda əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur. 1996-cı ildən etibarən ölkəmizdə inflyasiyanın səviyyəsi sabit qalmış, dövlət büdcəsinin, o cümlədən əməkhaqlarının, pensiya və müavinətlərin artırılması, əhalinin sosial müdafiəsi istiqamətində aparılan ardıcıl siyasət ölkədə həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsini təmin etmişdir. Dövlətin sosial siyasətinin konturlarını və vəzifələrini özündə əks etdirən Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin 1-ci bəndində göstərilir: “Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır”.

Azərbaycan sosial hüquqlara sadiqliyini Birləşmiş Millətlər Təşkilatının 1966-cı il tarixli “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Pakt”ını, habelə “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ını imzalamaqla təsdiqləmişdir. 1996-2003-cü illər ərzində aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Prezidentin 8 fərman və sərəncamı, Nazirlər Kabinetinin 2 qərarı olmuşdur. Bunların tətbiqi nəticəsində, eləcə də ölkədə əməkhaqlarının artımı hesabına pensiya və müavinətlərin orta aylıq məbləği 1995-2003-cü illər ərzində 8 dəfə artmışdır. Pensiya və müavinətlərin artırılması, əlillərin və şəhid ailələri üçün mənzillərin tikintisi, əlillərin minik avtomobilləri, müxtəlif reabilitasiya vasitələri ilə təminatı, onların tibbi-sosial reabilitasiyası, bərpa-müalicə və protez xidmətinin təkmilləşdirilməsi, bu sahədə xidmət şəbəkəsinin bütün bölgələr üzrə genişləndirilməsi, yeni sosial obyektlərin yaradılması, aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi, işçi hüquqlarının təkmilləşdirilməsi və etibarlı müdafiəsi tədbirləri məhz Ulu Öndərin təşəbbüsü ilə başlayaraq ənənəvi xarakter almışdır.

Ulu Öndərin həmin dövrdə həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanın milli maraqlarını tam təmin etməklə, ölkəmizi xarici qüvvələrin münaqişə meydanından maraqların uzlaşdığı geopolitik məkana çevirmişdir. İlk növbədə yaxın qonşularımız – Rusiya Federasiyası və İran İslam Respublikası ilə diplomatik əlaqələrdə özünü göstərən gərginlik tədricən aradan qaldırılmış, habelə dünyanın inkişaf etmiş bütün dövlətləri ilə diplomatik əlaqələr yaradılmış, əməkdaşlıq haqqında ikitərəfli sazişlər imzalanmışdır.

Ümummilli Liderin rəhbərliyi ilə o zaman mövcud olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması istiqamətində gərgin iş aparılmış, bir sıra əhəmiyyətli nəticələr əldə edilmişdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüz faktı beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə pislənmiş, buna etiraz olaraq bir sıra qətnamələr qəbul edilmişdir.

Xalqın böyük etimadı ilə 2003-cü ilin oktyabrında Prezident seçilən İlham Əliyev ötən 18 ildə Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə yanaşı, Ulu Öndərin xaos və anarxiyadan qurtardığı respublikamızın “Güclü dövlət – müstəqil siyasət” konsepti əsasında inkişafını təmin etmişdir. Ötən 18 il ərzindəki fəaliyyəti dövlət başçısının verdiyi bütün vədlərin əməli fəaliyyətə və praqmatizmə söykəndiyini, ölkənin gerçək potensialı ilə uzlaşdığını tamamilə təsdiqləmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu iqtisadiyyatda böyük uğurlara zəmin yaratmış, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olmuşdur.

Əgər 1993-2003-cü illərdə dövlət müstəqilliyinin daxili və xarici təhdidlərdən qorunub saxlanılması, iqtisadiyyatın dirçəldilməsi, ölkəmizin beynəlxalq arenada tanıdılması praktiki məqsədlər idisə, son 15 ildə obyektiv həyat reallıqları yeni hədəflər müəyyənləşdirmişdir. Son 18 ildə inkişaf dinamikasına görə Azərbaycanla müqayisə oluna biləcək çox az ölkəni misal göstərmək olar.

Bu müddət dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvidir. Ümummilli Liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz, eləcə də Cənub Qaz Dəhlizi çərçivəsində TAP, TANAP kəmərlərinin istifadəyə verilməsi, “Ümid”, “Abşeron” və s. perspektivli yataqların kəşfi, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi bu baxımdan xüsusi qeyd olunmalıdır.

Pandemiyanın qlobal səviyyədə cərəyan edən mürəkkəb siyasi, iqtisadi proseslərə mənfi təsirlərinə, bir çox ölkələrin ciddi iqtisadi, maliyyə və sosial problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı son 2 ildə dayanıqlılığını qoruyub saxlamışdır. Dövlət başçısı İlham Əliyevin pandemiya şəraitində reallaşdırdığı preventiv tədbirlər Azərbaycanın yaranmış şəraitdə qlobal təhdidləri inamla dəf etməsinə imkan yaratmışdır. Bunun nəticəsidir ki, strateji hədəflərini, mühüm sosial və biznes dəstək paketlərini uğurla reallaşdıran Azərbaycan 2022-ci ilə mühüm uğurlarla adlayır.

2022-ci ilin dövlət büdcəsi ölkəmizin gələn il qarşıda duran sosial təminat, müdafiə və təhlükəsizlik məsələlərinin, eləcə də əsaslı kapital qoyuluşu ilə bağlı hədəflərin uğurlu realizəsinə imkan yaradır. Gələn il büdcə gəlirlərinin mühüm bir hissəsi qeyri-neft

sektorunun payına düşəcək. Belə ki, gəlirlərin 52,4 faizini neft sektoru, 47,6 faizini qeyri-neft sektoru təmin edəcək. Büdcə gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun payının ildən-ilə yüksəlməsi hökumətin həyata keçirdiyi iqtisadi diversifikasiya siyasətinin, biznes mühitinin sağlamlaşdırılması tədbirlərinin real nəticələridir. Növbəti il üçün büdcə siyasətinin əsas məqsədləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, işğaldan azad edilmiş ərazilərin bərpası, qeyri-neft sektorunun dayanıqlı inkişafı, makroiqtisadi vəziyyətin sabit saxlanılması və dinamik inkişafın stimullaşdırılmasına nail olmaqdan ibarətdir. Dövlət büdcəsi sosial-infrastruktur layihələri, habelə pandemiya şəraitində təminatlı sosial müdafiə tədbirləri ilə yanaşı, ölkəmizin müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını da hədəfləyir ki, bu da obyektiv reallığın diktə etdiyi zərurətdir. Hərbi xərclərin artırılmasını zərurətə çevirən başlıca amillərdən biri də işğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissələrin, qərargahların, istehkam-müdafiə qurğularının, sərhəd zastavalarının yaradılması, etibarlı təhlükəsizlik çətirinin formalaşdırılması vacibliyi ilə şərtlənir.

Gələn ilin dövlət büdcəsində diqqəti cəlb edən mühüm məqamlardan biri də işğaldan azad edilmiş Azərbaycan ərazilərinin bərpası və yenidənqurulması, habelə burada mühüm sosial-infrastruktur layihələrinin reallaşdırılması tədbirləri üçün 2,2 milyard manat həcmində maliyyə vəsaitinin nəzərdə tutulmasıdır. Məqsəd işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin yüksək dinamizmlə və keyfiyyətlə aparılması, müvafiq sosial-iqtisadi, enerji, kommunal və nəqliyyat infrastrukturunun formalaşdırılması, doğma yurdlarına qayıdacaq vətəndaşların normal yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkili kimi mühüm vəzifələrin reallaşdırılması üçün maliyyə təminatının yaradılmasıdır. Bütün bunlar “Böyük qayıdış” planının reallaşdırılması baxımından mühüm mərhələ olacağını, işğalçılardan təmizlənmiş rayon və şəhərlərin yol-nəqliyyat infrasrtrukturunun bərpası, elektrik enerjisi, su, rabitə, mavi yanacaq və s. ilə təminatı istiqamətində mühüm layihələrin reallaşdırılacağını deməyə ciddi əsaslar yaradır.

2022-ci ilin dövlət büdcəsi ümumən sosialyönümlü mahiyyət kəsb etməsi ilə səciyyəvidir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanda 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərindən sonra vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində tədbirlər genişləndirilmişdir. Yeni mərhələdə aparılan islahatların əsas hədəfi xüsusən aztəminatlı və həssas əhali qruplarının ölkədəki inkişaf proseslərindən daha dolğun və hərtərəfli şəkildə bəhrələnmələrinə şəraitin yaradılmasıdır.

2019-cu ildə iki sosial islahat zərfinin qəbul olunaraq icrası, müavinət və təqaüdlərin məbləğinin orta hesabla 92, əmək pensiyasının minimum məbləğinin 72, minimum əməkhaqqının 92, dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda işləyənlərin əməkhaqlarının orta hesabla 50 faiz artırılması dövlətin iqtisadi siyasətinin sosialyönümlü mahiyyətini bir daha dolğun əks etdirmişdir. 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqının məbləğində 39, əmək pensiyalarının orta məbləğində 60 faiz, sosial müavinətlərin orta məbləğində 2, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin orta məbləğində isə 2,2 dəfə artımın təmin olunması əhalinin sosial müdafiəsi və həyat keyfiyyətinin yüksəldilməsinə imkan vermişdir.

2020-2021-ci illərdə yeni növ koronavirus pandemiyası səbəbindən bir sıra region ölkələrində iqtisadi artımın zəifləməsinə rəğmən Azərbaycanda ümumi daxili məhsulun yanvar-oktyabr aylarındakı 4,9 faizlik artımı qarşıdakı dövr üçün ciddi sosial tədbirlərin gerçəkləşdirilməsinə imkan yaratmışdır. Bu kontekstdə aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti və islahatları yüksək qiymətləndirir.

Azərbaycanda 2021-ci ildə iqtisadi geriləmə prosesinə son qoyulmuş, ölkəmiz iqtisadi inkişaf baxımından pandemiyadan əvvəlki səviyyəyə çatmışdır. Bununla belə etiraf edilməlidir ki, məhdudlaşdırıcı tədbirlərin aradan qaldırılması fonunda dünyada enerji daşıyıcılarının qiymətinin və məcmu tələbin artması, iqtisadi fəallığın dinamikası əmtəələrin qiymət artımına da səbəb olmuşdur. Bu vəziyyətin bir sıra mal və məhsulları xaricdən idxal edən Azərbaycana təsirsiz ötüşməməsi təbii və qarşısıalınmaz prosesdir.

Yaranmış vəziyyətdə hökumət vətəndaşlara, xüsusən də aztəminatlı, həssas qruplardan olanlara dəyən maddi ziyanın kompensiyası üçün bütün zəruri tədbirləri reallaşdırmağı hədəfləyir. Prezidentin 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı əhalinin sosial müdafiəsi tədbirləri baxımından kompleks tədbirləri nəzərdə tutur. Sərəncama əsasən, Nazirlər Kabineti

əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlayaraq təqdim etmişdir.

İlk dəfə olaraq 29,9 milyard manat təşkil edən büdcə xərclərinin 13,9 milyard manata yaxını və ya 46,4 faizə qədəri sosial təyinatlı olacaq. 2021-ci illə müqayisədə sosial xərclər 13,5 faiz, yəni 1 milyard 650 milyon manat artırılır. 2022-ci ildə yalnız əməyin ödənişinə 8 milyard 97 milyon manat məbləğində vəsait təklif olunur. Sosial təminat xərcləri üçün dövlət büdcəsində 3 milyard 566 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Sosial xərclərin büdcədəki xüsusi çəkisinin bu səviyyəyə yüksəlməsi Azərbaycanın sosialyönümlü siyasət yürütdüyünü bir daha təsdiqləyir. Hökumət 2022-ci il yanvarın 1-dən etibarən əməkhaqları və əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin, həmçinin digər sosial ödənişlərin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirəcəkdir. Sosial təminat xərcləri üçün dövlət büdcəsində 3 milyard 566 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Hazırda Azərbaycan minimum pensiyanın məbləğinə görə alıcılıq qabiliyyəti indeksi üzrə MDB-də birinci, orta pensiyanın alıcılıq qabiliyyəti üzrə isə ikincidir. Bu müsbət tendensiya ölkəmizdə sosial siyasətin səmərəlilik göstəricilərindən biridir. Büdcədə əmək pensiyalarının sığorta hissəsinin artırılması məqsədilə 210 milyon manat vəsait nəzərdə tutulur. Əmək pensiyalarının orta aylıq məbləğinin 2022-ci ildə 345 manata yüksəldilməsi, minimum məbləğinin 200 manatdan 240 manata qaldırılması hədəflənib. Avropa Sosial Xartiyasının tələbləri əsas götürülərək 2022-ci ildə orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqı məbləğinə nisbətinin 43 faizə çatdırılması gözlənilir.

Bütün bunlar həm də onu göstərir ki, Vətən müharibəsindən sonra azad edilmiş ərazilərin bərpa və yenidənqurulması tədbirlərinin prioritet məsələlərdən olmasına baxmayaraq, hökumət əhalinin sosial müdafiəsi tədbirlərinə, sosial siyasətin reallaşdırılmasına yenə də əlahiddə vacib məsələ kimi yanaşır. Bu mənada əminliklə demək olar ki, tarixin heç bir mərhələsində Azərbaycan cəmiyyəti son illərdəki kimi sürətli dəyişikliklərə uğramamış, insan amili belə aktual, öncül məsələ kimi gündəmə çıxmamışdır. Dövlət başçısının əməli siyasətə söykənən iqtisadi siyasətinin əsas qayəsində məhz insan amili dayanmış, cənab İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə sadiq qalmaqla hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu təsdiqləmişdir.

Azərbaycan Prezidenti son 18 ildə amnistiya və əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyətini də uğurla təmin etmişdir. Hər bir vətəndaşın Prezidenti olduğunu əməli fəaliyyətilə sübuta yetirmiş dövlət başçısı bu və digər səbəblərdən cinayət əməlinə yol vermiş insanların da taleyinə biganə qalmır. Əfv və amnistiya qərarlarının qəbulu ilə bağlı ölkədə formalaşmış müsbət ənənənin davam etdirilməsi, 8 Noyabr – Zəfər Günü ilə əlaqədar amnistiyanın qəbulu bunu bir daha təsdiqləyir.

Bütün bunlar göstərir ki, Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi məqsədyönlü siyasətin qayəsində xalqın milli tərəqqisi və intibahı hər zaman ön planda dayanır. Dövlət başçısının özünün də qeyd etdiyi kimi, tarixi Zəfərdən sonra Azərbaycan öz tarixinin ən şərəfli, qüdrətli dövrünü yaşayır. Ulu Öndər Heydər Əliyevin ideyalarını real həyatda təcəssüm etdirən müstəqil Azərbaycan dahi liderin layiqli davamçısının rəhbərliyi ilə işıqlı gələcəyinə doğru inamla addımlayır.

Səttar MÖHBALIYEV, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı