Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir

834

“Vətən müharibəsində Azərbaycanın hərb meydanında qazandığı şanlı Qələbə diplomatik müstəvidə də üstünlüyümüzü təmin edib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev güclü və məntiqli diplomatik potensialına əsaslanaraq ölkəmizin maraqlarını ləyaqətlə təmsil edir. Bu il noyabrın 26-da Soçi şəhərində Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə bir daha bunun şahidi olduq. Hər üç ölkə lideri tərəfindən imzalanan Bəyanat, həmçinin səslənən açıqlamalardakı fikirlər Azərbaycanın maraqlarına tam cavab verir və qalib ölkə olaraq mənafeyinə uyğundur”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, 26 noyabr Bəyanatında Qarabağ adının keçməməsi artıq bu münaqişənin tarixə qovuşduğunu bir daha göstərir: “Həmçinin burada Ermənistan tərəfinin iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmur. Sülhün və sabitliyin tərəfdarı olan Azərbaycan həmişə sərhədlərin qarşılıqlı olaraq tanınmasına, delimitasiya və demarkasiya prosesinə başlanılmasına, həmçinin sülh müqaviləsinin imzalanmasına hazır olduğunu dəfələrlə ifadə edib və bu barədə bir sıra təkliflər irəli sürüb. Buna uyğun olaraq, Bəyanatda Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiyanın məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması məsələsi ölkəmizin mənafeyini əks etdirir. Əminliklə deyə bilərik ki, nəticələr çox müsbətdir və Azərbaycan qarşısına qoyduğu məqsədlərinə çatıb”.

AHİK sədri xatırladıb ki, Azərbaycan uzun illər münaqişənin siyasi yolla həll olunmasına çalışdı, amma Ermənistanın işğalçı mövqeyi və danışıqlar prosesini pozan həm siyasi, həm də mütəmadi hərbi təxribatları bunun qarşısını alırdı: “Növbəti hərbi təxribata cavab olaraq Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrini heç bir kənar dəstək olmadan, özü təkbaşına yerinə yetirdi. Artıq münaqişənin tarixə qovuşması ilə pararel yeni perspektivlər yaranıb. Təbii ki, uzun illər davam etmiş münaqişə bölgə ilə yanaşı, regionun da inkişafına mənfi təsir göstərib. Qalib ölkə kimi, Azərbaycanın yaratdığı sülh və təhlükəsizliyə əsaslanan yeni reallıqlar bütün region dövlətlərinin maraqlarına cavab verir. Burada ən vacib məqamlardan biri Zəngəzur dəhlizidir ki, bunun açılmasında region dövlətləri də istəklidir və həm iqtisadi, həm də siyasi əhəmiyyəti böyükdür. Dövlətimizin başçısı dəfələrlə hansı yolla olur-olsun dəhlizin açılacağını bəyan edib. Ermənistan tərəfinin yaratdığı süni əngəllərə baxmayaraq, Prezident İlham Əliyevin düşünülmüş siyasəti buna bizi bir qədər də yaxınlaşdırır. Noyabrın 16-da Ermənistanın hərbi təxribatına layiqli cavabdan sonra bu ölkəni güzəştə məcbur edəcək yeni reallıqlar yaranıb. 26 noyabr üçtərəfli görüşündə Azərbaycanın qazandığı diplomatik üstünlük bir daha göstərir ki, Zəngəzur dəhlizinin açılması o qədər də uzaqda olan məsələ deyil. Həmçinin Rusiya prezidenti Vladimir Putinin nəqliyyat dəhlizləri fikrini səsləndirməsi, eləcə də 26 noyabr Bəyanatında dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına dair bəndlər Moskva ilə Bakının maraqlarının üst-üstə düşdüyünü göstərir”.

Hazırda işğaldan azad olunmuş ərazilərimizdə abadlıq-ququculuq işləri uğurla və kompleks şəkildə həyata keçirildiyini bildirən Milli Məclisin deputatı əlavə edib ki, dövlətimizin başçısı cənab İlham Əliyevin Şərqi Zəngəzura və Qarabağa hər səfərində biz buna şahid oluruq: “İşlərin daha da sürətlə getməsinə mane olan məqamlardan biri ərazilərin minalanmasıdır ki, Ermənistan tərəfi hələ də mina xəritələrini tam şəkildə təqdim etməyib. Soçi görüşündə mina xəritələri məsələsinin müzakirə olunması ölkəmizin növbəti uğurudur və bu, onu göstərir ki, yaxın zamanlarda bu istiqamətdə də mühüm irəliləyişə nail olunacaq”.

“Biz uzun illər münaqişənin həllini üzərinə götürmüş ATƏT-in Minsk qrupunun fəaliyyətini, daha doğrusu, fəaliyyətsizliyini görmüşük. Bu qurum ikili standartlara söykənərək münaqişənin həllinə yox, davam etməsində daha çox maraqlı görünürdü. Bütün faktlar ortada ola-ola həm işğalçıya, həm də işğala məruz qalana eyni münasibət bəslənilirdi və bu qurum heç bir tutarlı iş görə bilmədi. “Dağlıq Qarabağ münaqişəsi” artıq mövcud olmadığı üçün bu qurumun mövcudluğu, məncə, formal xarakter daşıyır. Həmsədrlərdən yalnız Rusiya bu məsələdə daha aktiv və təşəbbüskardır. Bəyanatda ATƏT-in Minsk qrupunun adının çəkilməməsi, həmçinin status məsələsinin, ümumiyyətlə, müzakirə mövzusu olmaması Azərbaycanın bilavasitə diplomatik qələbəsidir. Bu qələbənin təmin olunmasında 16 noyabr tarixində sərhəddə erməni təxribatının qarşısının alınması və Ordumuzun öz mövqelərini daha da gücləndirməsi mühüm rol oynadı”, – S.Möhbalıyev fikrini belə tamamlayıb.