“Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti, rəşadətli Ordumuzun peşəkarlığı dünya mediasının gündəmindədir”

1279

“İstər Vətən müharibəsi, istərsə də ondan əvvəlki və sonrakı dövrlərdə Prezident İlham Əliyev bütün cəbhələrdə öndə idi. Ali Baş Komandan kimi fəaliyyətindən tutmuş informasiya cəbhəsində apardığı mübarizəyə qədər hamısından qalib çıxdı. Tutarlı, sərrast cavabları, dəmir məntiqə əsaslanan arqumetləri ilə dünyanın aparıcı media mənsublarına verdiyi cavablarla Ermənistanın bu sahədə apardığı yalan, heç bir bir həqiqətə əsaslanmayan böhtan dolu təbliğatını alt-üst etdi. Təkcə Vətən müharibəsi dövründə 30-dan artıq xarici KİV-ə müsahibə verən dövlət başçımız Azərbaycan həqiqətlərini çatdırmaqla ölkəmiz haqqında dünya ictimaiyyətində müsbət rəy formalaşdırmağı bacardı. Artıq mövcud olmayan Qarabağ münaqişəsi, müharibənin başlama səbəbləri, müharibənin gedişi barədə analitik şərhləri, diplomatik cavabları ilə Ermənistanın işğalçı, təcavüzkar mahiyyətini açıb göstəridi, terrorun bu ölkə tərəfindən dövlət səviyyəsində dəstəkləndiyini sübut etdi. Qərəzli, təxribat xarakterli suallara verdiyi təmkinli, səbrli, həmçinin əsaslandırılmış cavablarla hər kəsə öz yerini göstərdi. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyevin videomüsahibələri dünyada baxış sayına görə də ön cərgədə idi”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, üstündən bir il keçməsinə baxmayaraq, bu gün də Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı qələbə dünya mediasının gündəmindədir: “Davamlı olaraq müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasətindən, rəşadətli Ordumuzun peşəkarlığından bəhs edirlər. Görünür, hələ uzun müddət Azərbaycan xalqının qəhrəmanlığı, vətənpərvərliyi dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq. Dövlət başçımız Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində zəfərə aparan yolumuzdan və qazandığımız təkrarsız qələbədən danışdı, prosesi xronoloji ardıcıllıqla hərtərəfli təsvir edərək dəqiq izahını verdi. Açıq-aydın görünür ki, Azərbaycan Ordusunun hər günü böyük zəfərlə keçib, heç bir əməliyyat uğursuz nəticələnməyib. Ali Baş Komandanın rəhbərliyi ilə hazırlanmış bütün strateji və taktiki əməliyyatlar yenilməz Ordumuz tərəfindən ləyaqətlə yerinə yetirilib. Ermənistan tərəfinin hərbi təxribatına cavab olaraq Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusunun dərhal əks-hücum əməliyyatlarına başlaması Ordumuzun hər zaman torpaqlarımızın müdafiəsinə hazır olduğunu göstərir. İlk gündən uğurlarını sıralayan Ordumuz həm də psixoloji üstünlük əldə etdi, Zəfər qazanacağımız heç kimdə şübhə doğurmurdu, döyüş ruhu günü-gündən alovlanırdı, demək olar ki, hamı qələbəyə köklənmişdi. Bu, cəmiyyətin Ali Baş Komandana və onun formalaşdırığı Orduya olan sarsılmaz inamdan irəli gəlir”.

“Ordumuzun əhəmiyyətli əməliyyatlarına diqqət çəkən dövlət başçımız erməni tərəfinə gözləmədiyi yerdən zərbə endirildiyini bildirdi. Hadrut əməliyyatından görünür ki, Azərbaycan tərəfindən bütün əməliyyatlar öncədən peşəkarcasına hazırılanıb, ən xırda detallar belə nəzərə alınıb. Məhz buna görə də 30 illik münaqişəyə 44 gün ərzində son qoyuldu. Tarixi qələbəmizi Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasəti, Azərbaycan xalqının sarsılmaz birliyi və yenilməz Silahlı Qüvvələrimizin rəşadəti şərtləndirdi”, – Milli Məclisin deputatı qeyd edib.

“Müsahibədə dövlət başçısı minalanmış ərazilərin xəritəsinin hələ də tam şəkildə Ermənistan tərəfindən Azərbaycana təqdim olunmamasına diqqət çəkdi. Hətta indiyə kimi verilən xəritələrin dəqiqliyi 25 faizdir. Açıq-aydın görünür ki, bu təcavüzkar dövlət hələ də öz qəsbkar məramından əl çəkmək niyyətində deyil. Bu gün Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış, talan edilmiş işğaldan azad olunan ərazilərində abadlı quruculuq işləri aparır. Bu işlərin daha sürətlə aparılmasına mane olan məqam isə ərazilərin minalanmasıdır. Müharibə başa çatandan bu günədək 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək həlak olmuş və ya öz sağlamlığını itirmişdir. Prezident İlham Əliyev sülhsevər mövqeyini ortaya qoyaraq sərhədlərin delimitasiyası prosesinə, həmçinin sülh müqaviləsi üzərində işə başlanılmalı olduğunu qeyd etdi. Görünür ki, Azərbaycan tərəfi həmişə olduğu kimi, bu gün də münasibətlərin normallaşdırılmasını istəyir, amma, təəssüflər olsun ki, Ermənistan tərəfindən belə bir təşəbbüs yoxdur”, – AHİK sədri fikrini tamamlayıb.