Səttar Möhbalıyev: “Azərbaycan KİV-nin müharibə və hərbi vəziyyət şəraitində işləmək bacarığı bütün dünya mediasına nümunə oldu”

1412

“22 iyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri təbrik edirəm! Onlara möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram! Qeyd edim ki, cəmiyyətin formalaşmasında, inkişafında, mariflənməsində, baş verən proseslər barədə məlumatlanmasında, həmçinin ölkədə ictimai rəyin bərqərar olmasında, dövlət və ictimai maraqların müdafiəsində, qərarların qəbul olunmasında mətbuatın xidmətləri danılmazdır. Mətbuat dəqiq, qərəzsiz, mötəbər informasiyaların ictimaiyyətə çatdırılması ilə cəmiyyətin həyatında mühüm rol oynayır və vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnu təmin edir. Bir növ dovlət və ictimai təşkilatlarla vətəndaşlar arasında körpü təşkil etməklə nəzarətçi, nizamlayıcı funksiyanı həyata keçirir. Əbəs yerə deyil ki, kütləvi informasiya vasitələrini hakimiyyətin 4-cü qolu adlandırırlar. Bu gün Azərbaycan mətbuatı bu şərəfli missiyanı uğurla və ləyaqətlə icra edir”.

Bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, yarandığı tarixdən bu günədək Azərbaycan mətbuatı böyük inkişaf yolu keçərək xalqın və dövlətin maraqlarından çıxış edib: “Böyük mütəfəkkir, tərəqqipərvər ziyalı, Azərbaycan mətbuatının banisi Həsən Bəy Zərdabi “Əkinçi” qəzetini yaratmaqla böyük bir ənənənin əsasını qoydu və bu, Azərbaycan mətbuatının sonrakı inkişafının təməli oldu. Cəmi 56 sayı işıq üzü görən “Əkinçi” qəzeti Azərbaycan xalqının milli oyanış hərəkatında, milli kmliyin dərk olunmasında, xalq arasında birliyin və həmrəyliyin möhkəmlənməsində, böyük ziyalı ordusunun yetişməsində, cəmiyyətin bütün təbəqələrinin maariflənməsində müstəsna və əhəmiyyətli rol oynayıb. Dövrünün görkəmli qələm sahibləri və ziyalıları bu qəzetdə məqalələr dərc etdirərək milli məfkurənin, demokratik ruhun formalaşmasına çalışırdılar. “Əkinçi” qəzetinin ardınca mətbuat sahəsində xeyli irəliləyişlər baş verdi. “Ziya”, “Kəşkül”, “Kaspi” qəzetlərinin yaradılması elm adamlarının, ədəbiyyat nümayəndələrinin təbliğinə və tanınmasına, milli-mənəvi inkişafa, demokratik mühitin formalaşmasına geniş yol açmış oldu”.

“Xüsusilə 1918-ci ildə müstəqilliyin qazanılmasında və demokratik respublikanın qurulmasında mətbuatın danılmaz xidmətləri olub. Bu yolda mübarizə aparan milli düşüncəli mütəfəkkirlər öz ideyalarını xalqa məhz mətbuat vasitəsilə çatdırır, onları azadlığa, müstəqilliyə səsləyirdilər. “Molla Nəsrəddin” jurnalının dərin demokratiya və azadlıq ideyaları, həmçinin çarın müstəmləkəçilik siyasətinə, mövhumata, cəhalətə, xurafata qarşı mübarizəsi milli oyanış hərəkatının inkişafında xeyli faydalı olub. Beləliklə, “Əkinçi” qəzetindən başlayaraq 20-ci əsrin əvvələrinə qədər fəaliyyət göstərən bütün mətbuat orqanları Azərbaycanda milli-ictimai fikrin, azadlıq ideyalarının yaranması və inkişafı uğrunda mübarizə aparıb. Aparılan təbliğat öz bəhrəsini verdi. Uzun illər arzulanan milli ruhlu, demokratik təbiətli, xalq hakimiyyətinin bərqərar olduğu respublika yarandı”, – AHİK sədri qeyd edib.

S.Möhbalıyev bildirib ki, kommunist ideologiyasının hakim olduğu sovet hakimiyyəti illərində Azərbaycan mətbuatı təzyiqlərə, repressiyalara baxmayaraq, öz milli ənənəsini qoruyub saxlamağa çalışıb: “Ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi mətbuatın inkişafına yeni təkan verdi. Azərbaycan dilində nəşr olunan qəzetlərin sayı çoxaldıldı. Mətbuatda uzun illər qadağan olunan milli adətlərimiz, tariximiz, mədəniyyətimiz, dilimizlə bağlı yazılara rast gənilməyə başlandı. Peşəkarlığı artırmaq məqsədilə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin fəal tələbələri ittifaqın digər ali təhsil ocaqlarına oxumağa göndərildilər. Ulu öndərin bu xidmətləri yüksək ixtisaslı jurnalistlərin yetişməsində, müasir jurnalistikanın inkişafında mühüm rol oynadı”.

“Müstəqilliyin ilk illərində Azərbaycan mətbuatı təzyiqlərə, basqılara, senzuraya məruz qaldısa da, bütün bunlar ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra qısa müddətdə aradan qaldırıldı. Demokratiyanın tələb etdiyi bütün azadlıqlar kimi, söz və mətbuat azadlığı da ölkədə tam təmin edildi. Beləliklə, Azərbaycan mətbuatı azad və sərbəst şəkildə fəaliyyət göstərməyə başladı. 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Prezident Heydər Əliyevin fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı. Bununla da kütləvi informasiya vasitələrinin sürətli inkişafının yeni mərhələsi başladı”, – AHİK sədri qeyd edib.

Deputat vurğulayıb ki, bu gün Azərbaycanda mətbuatın mütərəqqi istiqamətdə inkişafı hərtərəfli təmin olunur: “Hazırda ölkəmizdə 5 mindən çox media subyekti fəaliyyət göstərir. Artıq Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirilib, dünyanın aparıcı media orqanları ölkəmizin aparıcı xəbər agentliklərinə istinadlar edirlər, xəbər mübadiləsi həyata keçirilir, xarici ölkələrdə bürolar fəaliyyət göstərir, həmçinin yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan ixtisasartırma və təkmilləşmə kurslarında iştirak edirlər. Ölkəmizdə jurnalistika ixtisasına qəbul imtahanlarında qalibiyyət imtahanının tətbiq edilməsi yaradıcı insanların, qələm sabilərinin bu ixtisasa marağının artmasına səbəb olub. Bu da daha peşəkar və öz peşəsini sevən kadrların mətbuatda təmsil olunmasına gətirib çıxarıb”.

“Kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması həmişə cənab Prezident İlham Əliyevin diqqət mərkəzindədir. KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin xidmətlərinə görə media mənsublarına fəxri adların verilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə göstərilən qayğının əlamətidir. Bundan başqa, dövlət başçısının sərəncamları əsasında jurnalistlər üçün yaşayış binalarının tikilməsi, onların mənzillə təmin olunması dövlətin bu sahəyə olan diqqətini təzahür etdirir. Müxtəlif vaxtlarda ölkə rəhbərliyinin təşəbbüsü ilə çap mediası vergidən azad edilib, qəzet və jurnalların nəşriyyata olan borcları silinib. Bütün bunlar ölkəmizdə mətbuatın inkişafına göstərilən dəstəyin bariz nümunəsidir”, – Konfederasiya sədri əlavə edib.

“Biz Vətən müharibəsində də Azərbaycan KİV-nin şərəfli və vətənpərvər xidmətinin şahidi olduq. Mediamız müharibə və hərbi vəziyyət şəraitində işləmək bacarığı ilə bütün dünya mediasına nümunə olmağı bacardı. Həmçinin jurnalistlərimizin peşəkarlığı, fədakarlığı və çevikliyi sayəsində dünya ictimaiyyətinə müharibənin əsl həqiqətlərini, rəsmi İrəvanın törədiyi hərbi cinayətlər haqqında dəqiq və dolğun məlumatları çatdırmaq mümkün oldu. Vətən müharibəsi zamanı Azərbaycan jurnalistləri dünya mediyasının istinad mənbəyinə çevrildi. Bütün bunlar informasiya cəbhəsində də Azərbaycanın qələbəsini təmin etmiş oldu”, – S.Möhbalıyev fikrini tamamlayıb.