AHİK mina partlayışı nəticəsində həlak olan jurnalistlərlə bağlı 78 beynəlxalq təşkilata müraciət edib

759

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Kəlbəcərə ezam olunmuş mətbuat nümayəndələrinin və digər mülki şəxslərin minaya düşərək həlak olması və yaralanması ilə bağlı 78 beynəlxalq təşkilata – Avropa ölkələrinin həmkarlar ittifaqlarına, BMT-nin əmək sahəsi üzrə ixtisaslaşmış qurumlarına, beynəlxalq media təşkilatlarına, insan hüquq və azadlıqları üzrə təsisatlara və digər beynəlxalq subyektlərə müraciət ünvanlayıb.

Müraciətdə ötən ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanata Ermənistan tərəfindən əməl olunmaması, həmçinin beynəlxalq səviyyədə hamılıqla qəbul olunmuş konvensiyalara və əldə edilən razılıqlara zidd olaraq işğaldan azad olunmuş ərazilərdə yerləşdirilmiş minaların xəritələrinin Azərbaycana verilməməsi pislənilir.

Bildirilir ki, Ermənistanın bu insanlıq əleyhinə yönəlmiş qanunsuz əməlləri nəticəsində yüzlərlə günahsız və dinc insan həlak olur. Bu da terrorun Ermənistan tərəfindən dövlət səviyyəsində təşkil olunduğunu göstərir.

Həmçinin müraciətdə Ermənistanın bu kimi əməllərinə beynəlxalq təşkilatlar tərəfindən hüquqi və siyasi qiymət verilməsi, dünya ictimaiyyəti tərəfindən qınanılması, eləcə də gələcəkdə bu cür hadisələrin baş verməməsi üçün minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsinə dair beynəlxalq qurumlar və dövlətlər tərəfindən Ermənistana təzyiq göstərilməsinin vacibliyi vurğulanır.