ATİAHİ və Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb

24

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu memorandumun əsas məqsədi təhsil işçilərinin sosial təminatını gücləndirmək, onların peşəkar inkişafını dəstəkləmək və təhsilin müasir və səmərəli metodlarla tətbiqini təmin etməkdir.

Əməkdaşlıq çərçivəsində hər iki qurum təhsilin inkişafına yönəlmiş birgə layihələr həyata keçirəcək. Bu layihələr yüksək keyfiyyətli təhsilverənlərin hazırlanması, müasir tədris metodlarının tətbiqi və təhsil sisteminə yeni, innovativ yanaşmaların formalaşdırılmasını hədəfləyir.

ATİAHİ və TİF həmçinin təhsil işçilərinin sosial müdafiəsini gücləndirmək və hüquqlarını qorumaq məqsədilə yeni mexanizmlər hazırlayacaq. Təhsildə innovativ texnologiyaların tətbiqi üzrə maliyyələşdirilən layihələr vasitəsilə təhsilverənlərin yaradıcı və intellektual potensialının artırılması da nəzərdə tutulur.

Bu əməkdaşlıq beynəlxalq təcrübədən faydalanaraq təhsilin keyfiyyətini yüksəltmək və yeni tədris platformalarının yaradılmasına töhfə vermək məqsədini daşıyır. Memorandum, eyni zamanda, təhsil sahəsində davamlı inkişafı təmin etməklə təhsilverənlərin peşəkar bacarıqlarının artırılmasına və ümumilikdə təhsilin səmərəliliyinin yüksəldilməsinə mühüm dəstək olacaq.