“Azərbaycan gəncliyi və Yaşıl dünya naminə həmrəylik ili: ekoloji problemlər, süni intellekt və fəlsəfə” adlı kitabın təqdimatı olub

57

“Yaşıl dünya naminә hәmrәylik ili” çərçivəsində “Azərbaycan gəncliyi və Yaşıl dünya naminə həmrəylik ili: ekoloji problemlər, süni intellekt və fəlsəfə” adlı kitabın təqdimatı keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və qurumun üzv təşkilatı AMEA Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Orxan Ərəbov çıxış edərək rəhbərlik adından iştirakçıları salamlayıb, Konfederasiyanın və üzv təşkilatların “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş tədbirlərinin əhəmiyyətindən söz açıb. Başa vurmaqda olduğumuz 2024-cü ilin AHİK-in fəaliyyət istiqamətlərində əlamətdar yeniliklərlə yadda qalacağını qeyd edən müşavir qarşıya qoyulmuş vəzifələrin üzv və tabe təşkilatlarla koordinasiya edilməklə həyata keçirilməsini təqdirəlayiq hal olduğunu bildirib.

AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov dövlətimizin başçısı cənab İlham Əliyevin sabit dünya üçün misilsiz xidmətlərinin elmi əsaslarla tədqiqata cəlb edilməsinin vacibliyini vurğulayıb, kitabın bu çağırışlara sanballı töhfə olacağına əminliyini ifadə edib.

Sonra Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Nurəngiz Mikayılova, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayev, Azәrbaycan İlahiyyat İnstitutunun kafedra müdiri Anar Qafarov, AMEA Qafqazşünaslıq İnstitutunun şöbә müdiri Elnur Kәlbizadә və digərləri çıxış edərək COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatların və Azərbaycanın ev sahibi kimi bəşəriyyətə etdiyi çağırışların önəmini qeyd ediblər.