Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Duzdağ Müalicə Mərkəzinə baxış keçirilib

150

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov Naxçıvana səfəri çərçivəsində Konfederasiyanın Duzdağ Müalicə Mərkəzində olub.

Konfederasiya sədri Mərkəzdə yaradılan şərait və görülən işlərlə maraqlanıb.

AHİK-in üzv təşkilatı Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Duzdağ Müalicə Mərkəzinin fəaliyyəti barədə məlumat verib.

Qeyd edək ki, Mərkəzin ümumi uzunluğu labirint şəkilində 42 km-dir. Yeraltı hissəsi isə girişdən 300 metr məsafədə, 110 metr dərinlikdə yerləşir. Burada ilin bütün fəsillərində havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət 24-50 faiz arasında dəyişir. Buranın duzu bir çox xəstəliklərin, bronxial astma, bronxit, astma öncəsi vəziyyət, pollinoz, astmatik komponentli xroniki bronxit, allergik rinit və digər xəstəliklərin müalicə və profilaktikasında faydalıdır.

Hazırda Mərkəzdə xəstələr üçün 474 çarpayı mövcuddur.

Mərkəzlə tanışlıqdan sonra Sahib Məmmədov burada müalicə turizminin inkişafına dair hərtərəfli şəraitin yaradılması üçün tövsiyələrini verib.

Konfederasiya sədri Mərkəzdə həmçinin Naxçıvan Həmkarlar İttifaqları Şurasının “Könüllülük” proqramının iştirakçıları ilə görüşüb. Bildirilib ki, proqram Şuranın “Könüllü fəaliyyət haqqında” nizamnaməsinə uyğun olaraq həyata keçirilir və məqsəd tədbirlərdə gənclərin iştirakı, layihə ətrafında toplanması, asudə vaxtlarının səmərəli təşkili və muxtar respublikanın ictimai həyatında fəallıqlarının təmin edilməsidir. Sahib Məmmədov gənclərə uğurlar arzulayıb.