AHİK-in üzv təşkilatı “Kənd-Qida-İş”in Məclisi keçirilib

74

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının (“Kənd-Qida-İş”) VIII Məclisi keçirilib.

Öncə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Federasiyanın sədri Tofiq Quliyev gündəliyə ötən dövr ərzində sahə həmkarlar ittifaqının fəaliyyəti, 2024-cü il üzrə büdcənin icrası və  2025-ci il büdcə layihəsinin təsdiq edilməsi, həmçinin təşkilati məsələlərin daxil edildiyini bildirib. Federasiyanın sədr müavini Təhmasib Əliyev ötən dövr ərzində görülən işlər barədə hesabatla çıxış edib. Maliyyə şöbəsinin müdiri İsmayıl Əlləzov və Qazax rayon komitəsinin sədri Fərhad Qocamanov isə gündəliyə çıxarılan məsələlər barədə fikirlərini bölüşüblər.

Məclisdə Tofiq Quliyevin Federasiyanın sədri vəzifəsindən istefa verməsi ilə bağlı məsələ səsə qoyulub və təsdiqlənib. Federasiyanın sədri vəzifəsinə Məclis üzvlərinin yekdil qərarı ilə Məmməd Həsənov seçilib.

Gündəliyə çıxarılan digər məsələlər barədə də müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.