AHİK nümayəndələri Düşənbədə beynəlxalq tədbirdə iştirak ediblər

53

Noyabrın 27-28-də Tacikistanın paytaxtı Düşənbə şəhərində Mərkəzi Asiya Həmkarlar İttifaqları Şurası üzvləri üçün Beynəlxalq Əmək Təşkilatının (BƏT) seminarı keçirilib.

Tədbirdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Monqolustanın həmkarlar ittifaqlarının nümayəndələri ilə yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin birinci müavini İlyas Əliyev və AHİK sədrinin müşaviri Fuad Ələkbərov da iştirak edib.

Seminarda əmək miqrasiyasının meyilləri və çağırışları, əmək miqrantlarının sosial müdafiəsi məsələləri, həmçinin iqtisadi inkişaf və böhran vəziyyətinə effektiv yanaşmalar müzakirə olunub.

Ekspertlər və BƏT nümayəndələri Mərkəzi Asiyada əmək miqrasiyasının əsas tendensiyaları və çağırışlarını təqdim ediblər.

Azərbaycan, Qazaxıstan və Qırğızıstanın nümayəndələri əmək miqrasiyasının qanunvericilik bazasının tətbiqi və əmək miqrantlarının sosial müdafiəsi sahəsində təcrübələrini bölüşüblər. Müzakirə zamanı ədalətli əməkhaqqı, iş şəraiti və sosial təminata çıxış kimi əsas aspektlərə diqqət yetirilib.

AHİK sədrinin birinci müavini İlyas Əliyev müzakirəyə çıxarılan mövzulara dair fikirlərini səsləndirib, əmək miqrantlarının hüquqları və sosial müdafiəsi məsələlərindən danışıb, Azərbaycanda mövcud əmək miqrasiyasının vəziyyəti barədə məlumat verib.

Seminarın ikinci günü çıxış edən AHİK sədrinin müşaviri Fuad Ələkbərov böhran vəziyyətində iqtisadi inkişaf və böhranların həlli strategiyalarına dair məsələlərdən bəhs edib, kompleks yanaşmanın önəmini vurğulayaraq sosial, iqtisadi, eləcə də institusional tədbirlərin dəstəklənməsinin əhəmiyyətini qeyd edib.