AHİK-in üzv təşkilatı ATİAHİRK-in nümayəndə heyəti Türkiyədə beynəlxalq konfransda iştirak edib

14

Noyabrın 22-23-də Türk Eğitim-Sen və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin təşkilatçılığı ilə V Beynəlxalq Türk Dünyası Təhsil və Sosial Elmlər Konfransı keçirilib.

Tədbirdə 47 ölkədən 1574 elm və mədəniyyət xadimi iştirak edib. Azərbaycanı tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİRK) sədri Araz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Elmi konfransa Şimali Kipr Türk Respublikası Əmək və sosial müdafiə naziri Sadıq Gardiyanoğlu, Türk Eğitim-Sen və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin sədri Talip Geylan, eləcə də Qazaxıstan, Qırğızıstan, Şimali Kipr, Kosovo, Makedoniya, Rumıniya və İraqdan olan təhsil işçiləri həmkarlar ittifaqlarının rəhbərləri qatılıblar.

Konfrans çərçivəsində ATİAHİRK sədri Araz Paşayev V Beynəlxalq Türk Dünyası Təhsil və Sosial Elmlər Konfransının fəxri münsiflər heyətinə üzv seçilib.

Qeyd edək ki, 2017-ci ildən etibarən Türk Eğitim-Sen və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin təşəbbüsü ilə təşkil olunan bu konfranslar türkdilli ölkələr arasında elm, təhsil, sosial və mədəni əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Eyni zamanda bu tədbirlər yüzlərlə türkdilli gənc alimin yetişməsinə, onların beynəlxalq elmi arenaya çıxışına şərait yaradır.