Mərakeş və Azərbaycan həmkarlar ittifaqları arasında əməkdaşlıq məsələləri müzakirə olunub

84

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov COP29 tədbiri çərçivəsində ölkəmizdə səfərdə olan Mərakeş İşçilərinin Ümumi Birliyinin (MİÜB) Baş katibi Enam Mayara ilə görüşüb.

Ölkəmizin ev sahibliyi ilə keçirilən COP29 tədbirinin əhəmiyyətini qeyd edən Konfederasiya sədri qonaqları bu tədbirdə görməkdən məmnun olduğunu bildirib.

Azərbaycanla Mərakeş Krallığı arasında münasibətlərdən söz açan Sahib Məmmədov Mərakeşin ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu, siyasi, iqtisadi, mədəni və digər sahələr üzrə iki ölkə arasında əlaqələrin inkişaf etdiyini bildirib.

Onun sözlərinə görə, Konfederasiya və üzv təşkilatlar fəaliyyətində xarici əlaqələrə üstünlük verir, regional və beynəlxalq həmkarlar ittifaqları, eyni zamanda Azərbaycana dost ölkələrin müvafiq qurumları ilə münasibətlərin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bugünkü görüşü Azərbaycan və Mərakeşin həmkarlar ittifaqları arasında əlaqələrin gücləndirilməsinin növbəti addımı kimi dəyərləndirən Sahib Məmmədov əmək hüquqlarının müdafiəsi və sosial ədalətin təşviq edilməsi işində fikir və təcrübə mübadilələri aparılmasının, birgə əməkdaşlığın vacibliyinə diqqət çəkib.

Ölkəmizin həmkarlar ittifaqlarının tarixindən və fəaliyyətindən bəhs edən Sahib Məmmədov vurğulayıb ki, biz qarşılıqlı əmək və sosial-iqtisadi münasibətləri sosial tərəfdaşlıq prinsipləri üzərində qurur, hökumət və işəgötürənlərlə real dialoqa üstünlük verir, əmək münasibətləri sisteminin optimallaşdırılmasına, sivil sosial tərəfdaşlığın inkişafı və təkmilləşdirilməsinə töhfələr verməyə çalışırıq. Sosial dialoqun mürəkkəb məsələlərin həllində, sosial sabitliyin təmin edilməsində ən uğurlu yol olduğunu Konfederasiya sədri fikirlərinə əlavə edib.

O həmçinin əmək hüquqlarının müdafiəsi, ölkəmizdə layiqli iş şəraitinin yaradılması, üzvlərin müalicəsinin və istirahətinin təşkili ilə bağlı görülən işləri, bu aspektdə həmkarlar ittifaqlarına dövlət dəstəyini qonağın diqqətinə çatdırıb.

Sahib Məmmədov əmin olduğunu bildirib ki, bu görüş Azərbaycan və Mərakeş həmkarlar ittifaqları arasında əməkdaşlığın genişlənməsinə gətirib çıxaracaq, ümumi məqsədlərə çatmaqda həmrəylik üçün yeni imkanlar açacaq.

Mərakeş İşçilərinin Ümumi Birliyinin Baş katibi Enam Mayara Azərbaycanda olmaqdan, ölkəmizin ev sahibliyi etdiyi mühüm əhəmiyyətli COP29-da iştirakdan məmnunluğunu ifadə edib.

O, Mərakeş həmkarlar ittifaqlarının funksiyalarından, strukturundan, reallaşdırdığı layihələrdən danışıb, əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması ilə bağlı təcrübələrini bölüşüb.

Vurğulayıb ki, Mərakeş və Azərbaycan həmkarlar ittifaqları arasında münasibətlər dövlətlərimiz arasında əlaqələrə də öz töhfəsini verə bilər.

Enam Mayara fəaliyyətini müasir çağırışlar əsasında yenidən quran Azərbaycan həmkarlar ittifaqlarının təcrübəsinin onlar üçün maraqlı olduğunu da diqqətə çatdırıb.