Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Naxçıvan Həmkarlar İttifaqları Şurasının yaranmasının 57 illiyi münasibətilə tədbir keçirilib

7

Noyabrın 16-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının yaranmasının 57 illiyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə Şuranın kollektivi Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Kollektivə Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında ətraflı məlumat verilib.

Daha sonra Şuranın inzibati binasında tədbir davam edib. Şuranın sədri Qəzənfər Abdullayev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovun Şuraya bu əlamətdar gün münasibətilə ünvanladığı təbrik məktubunu səsləndirib. Bildirib ki, Şura yarandığı gündən bu günədək vətəndaşların hüquqlarının müdafiəçisi kimi sosial problemlərinin həlli və əmək hüquqlarının təmin olunması sahəsində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir.

Vurğulanıb ki, Şura bundan sonra da fəaliyyətini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tələblərinə uyğun quracaq, ittifaq üzvlərinin hüquq və mənafelərini müdafiə etməyə çalışacaq və muxtar respublikanın inkişafına öz töhfəsini verəcəkdir.
Digər çıxış edənlər isə Şuranın keçdiyi tarixi inkişaf yolu və həyata keçirilən əhəmiyyətli tədbirlər haqqında məlumat veriblər.

Sonra həmkarlar ittifaqının otuz nəfər fəalı Konfederasiya və Şuranın Fəxri Fərmanı ilə təltif olunub.

Sonda Şuranın ötən dövr ərzindəki fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.