AHİK sədri Səttar Möhbalıyev Fəxri fərmanla təltif edilib

1442

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində Orduya göstərdiyi dəstəyə və fədakar əməyinə görə Fəxri fərmanla təltif olunub.

Bu barədə N saylı hərbi hissənin komandiri, general-mayor Mais Bərxudarov müvafiq əmr imzalayıb.
Məlumat üçün bildirək ki, Azərbaycan həmkarlar ittifaqları həmişə olduğu kimi, Vətən müharibəsi dövründə də Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi sıx birləşərək şanlı Ordumuza, döyüş əməliyyatlarını yerinə yetirən hərbi hissələrə, o cümlədən əsgər və zabitlərimizə, eyni zamanda arxa cəbhədə fəaliyyət göstərən vətəndaşlarımıza maddi və mənəvi cəhətdən dəstək vermək üçün bir sıra tədbirlər həyata keçirib.
Hər şeydən əvvəl həmkarlar ittifaqlarının rəhbərləri arxa cəbhədə daim əhali arasında olmaqla onlara Vətən müharibəsinin başvermə səbəblərini, beynəlxalq təşkilatların, o cümlədən BMT, İƏT, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası və digərlərinin münaqişə ilə bağlı qəbul etdikləri qərar və qətnamələrin mahiyyətini izah ediblər.
Həmçinin dövlət başçısı İlham Əliyevin xalqa müraciətlərində, xarici ölkələrin media qurumlarına verdiyi müsahibələrində, müharibənin Azərbaycanın öz ərazisində aparılma səbəbləri, bu ədalətli müharibədə Ordumuzun qarşısında duran vəzifələr, bəzi təşkilatların tutduqları qeyri-obyektiv mövqelər, postmüharibə dövründə Azərbaycan və erməni vətəndaşlarının dinc birgəyaşayış şərtləri və digər məsələlərlə bağlı fikirlər həmkarlar ittifaqları üzvləri ilə yanaşı, əhali qruplarına da çatdırılıb.
Azərbaycan həmkarlar ittifaqları Vətən müharibəsi ilə əlaqədar tədbirlərə ümumilikdə 4 154 207 manat vəsait xərcləyib. Bundan 1 005 000 manatı AHİK və üzv təşkilatları tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna köçürülüb.
Həmçinin 1 860 582 manat dəyərində silahlı qüvvələrə və cəbhə bölgəsinə yaxın ərazidə yaşayan insanlara ərzaq yardımı və maddi dəstək olunub.
Bundan başqa, YAŞAT Fonduna və Qarabağ Dirçəliş Fonduna vəsait ödənilib ki, bu da müvafiq olaraq 537 750 və 600 000 manat təşkil edib.
AHİK həmişə şəhid ailələrinin qayğıları ilə maraqlanır, üzləşdikləri problemlərin həllində yardımçı olur, hüquqlarını müdafiə edir, eyni zamanda davamlı olaraq onlara maddi və mənəvi dəstək göstərir. Bu ənənəyə sadiq qalaraq 2016-cı il aprel və 2020-ci ilin iyulunda Tovuz döyüşlərində həlak olmuş 23 şəhid ailəsinin 41 azyaşlı övladı himayəyə götürülüb. Həmin azyaşlılara 18 yaşına çatanadək hər bir üçün ayda 150 manat vəsait ödəniləcək. Bu da ümumilikdə 885 min 600 manat təşkil edir.
Bundan başqa, AHİK-in İcraiyyə Komitəsi Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərin daha 129 ailəsinin himayəyə götürülməsi və hər bir ailəyə ayda 100 manat vəsaitin ödənilməsi barədə qərar qəbul edib.
Belə ki, ATİAHİ-nin 18-dən çox rayon komitəsi tərəfindən cəbhədə vuruşan 320-dən artıq təhsil işçisinin ailə üzvlərinə, övladları cəbhədə döyüşən təhsil işçilərinə, eləcə də cəbhə bölgəsinə yaxın ərazidə yaşayan 8 minə yaxın ailəyə isti geyimlərin alınması və digər bu kimi yardımlar göstərilməsi üçün ümumilikdə 665 800 manat vəsait xərclənib.
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri HİRK də prosesə fəal qatılaraq hərbi qulluqçulara dəstək, hospitallarda müalicə olunan yaralılara baş çəkmək və onlara zəruri istifadə üçün lazım olan əşyaların alınması məqsədilə müvafiq tədbirlər həyata keçirib, eyni zamanda Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürülüb və bütün bunlara ümumilikdə 174 110 manat vəsait xərclənib.
Neft və Qaz Sənayesi İşçiləri HİRK isə şəhid ailələrinə maddi yardım göstərmək, əsgər ailəsinə maddi və ərzaq yardımı paylamaq, həmçinin Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürməklə ümumilikdə 106 862 manat sərf edib.
“Azərsu” Təsərrüfat İşçiləri HİRK da şəhid ailələrinə və qazilərə ümumilkdə 128 400 manat xərcləyib.
Avtomobil Nəqliyyat və Yol Təsərrüfatı İşçiləri Hİ Ermənistan tərəfindən bombardman edilmiş Gəncə, Naftalan şəhərləri, həmçinin Goranboy, Tərtər və Bərdə rayonlarında yaşayan və zərər çəkən 22 ailəyə maddi dəstək olub, eyni zamanda Naftalan şəhərində N saylı hərbi hissəyə elektron generatoru verilib. Bununla yanaşı, cəbhədə döyüşən əsgərlərə və döyüşlər zamanı yaralanıb hospitallarda müalicə alan hərbçilərə də hər cür kömək olunub. Ümumilikdə bu məqsədlər üçün 52 445 manat sərf olunub.
Şəhid ailələri, qazilər, onların ailə üzvləri və digər yardım edilmiş şəxslər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Azərbaycan həmkarlar ittifaqları ənənəyə sadiq qalaraq humanist addımları bundan sonra da uğurla davam etdirəcək.