Tarixi Qələbədən 4 il keçir – Azərbaycanda Zəfər Günüdür

96

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başlatdığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etdi. 2020-ci il oktyabrın 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı və noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi.

Şuşanın erməni işğalçılarından təmizlənməsi ilə Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Məğlub ölkə “ağ bayraq” qaldırdı, Ermənistan 2020-ci il noyabrın 20-də Ağdamı, noyabrın 25-də Kəlbəcəri, dekabrın 1-də isə Laçın rayonunu azad edəcəyinə dair öhdəlik götürdü.

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Şuşa şəhərinin işğaldan azad edildiyi gün – noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd olunur. Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi.

Bu gün üçrəngli Dövlət Bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Ağdam, Şuşa, Hadrut, Laçın, Əsgəran, Xocavənd, Ağdərə, Xocalıda və Xankəndidə qürurla dalğalanır.

Azərbaycan xalqı tarixi qələbəsini – 8 Noyabr – Zəfər Gününü böyük coşqu, təntənə və sonsuz fəxarət hissi ilə qeyd edir.