8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı AMEA Azad Həmkarlar İttifaqının, Yasamal Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının və Yasamal Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən mini futbol turnirinin açılış mərasimi baş tutub.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov və YAP Gənclər Birliyinin üzvü İlqar Quliyev cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Qələbənin önəmini qeyd ediblər, bu möhtəşəm qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildiriblər. Vurğulanıb ki, Zəfərimizlə Azərbaycan adını tarixə qalib ölkə, qalib xalq kimi yazdırıb.
Çıxış edənlər turnirə qatılan komandalara müvəffəqiyyətlər arzulayıblar.
Açılış mərasimindən sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandaları arasında keçirilən oyunda AMEA-nın komandası rəqibini üstələyib: 6-0.
Qeyd edək ki, komandalar arasında final qarşılaşması noyabrın 7-də təşkil ediləcək.