AHİK və Dövlət Turizm Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

432

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Dövlət Turizm Agentliyinin (DTA) nümayəndələri ilə görüş olub.

Görüşdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı islahatlardan, Azərbaycanın iqtisadi qüdrətindən və beynəlxalq nüfuzundan, həmçinin AHİK və DTA-nın həyata keçirdikləri tədbir və layihələrdən danışılıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.

Konfederasiya sədri Sahib Məmmədov ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin yaradılması, bu istiqamətdə həmkarlar ittifaqlarının atdığı addımlar və əldə etdiyi nailiyyətləri qeyd edib, əmək şəraitinin mütərəqqi beynəlxalq standartlara uyğunlaşdırılmasının, üzvlərin sağlamlıqlarının qorunmasının, istirahətlərinin və asudə vaxtının təşkilinin əsas funksiyalar sırasında olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, ittifaq üzvlərinin müalicəsi, istirahətlərinin və asudə vaxtlarının mənalı və səmərəli təşkili üçün AHİK tərəfindən təhlillər aparılır, fəaliyyət təkmilləşdirilir, sanatoriya-kurort müəssisələrində xidmətin səviyyəsi artırılır, imkanları genişləndirilir.

AHİK-in qarşıdakı planlarından da danışılıb və vurğulanıb ki, “AHİK könüllüləri” ilə yanaşı, yaxın vaxtlarda “Layiqli Əmək Səfirləri” layihəsi də start götürəcək. Həmkarlar ittifaqlarının əhəmiyyəti, təşkilatda birləşən işçilərin əldə etdikləri hüquqlar da DTA nümayəndələrinin diqqətinə çatdırılıb.

DTA-nın sədri Fuad Nağıyev rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs edib, o cümlədən turizm sənayesinin inkişafı, ölkəmizin beynəlxalq səviyyədə turizm mərkəzinə çevrilməsi məqsədi ilə aparılan təşviqat işlərindən danışıb, gələcək inkişaf istiqamətlərini, perspektivlərin müəyyən edilməsi üçün aparılan elmi tədqiqat və araşdırmaları qeyd edib.

Görüşdə DTA-da və bütövlükdə turizm sənayesində həmkarlar ittifaqlarının yaradılması məsələləri müzakirə edilib və Fuad Nağıyev Agentliyin Aparatında artıq könüllülük prinsipi əsasında həmkarlar ittifaqlarının yaradılmasına başlandığını, yaxın vaxtlarda isə tabe qurumlarda da bu istiqamətdə iş aparılacağını deyib. Konfederasiya sədri bununla bağlı onlara lazmi dəstək göstərməyə hazır olduqlarını bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər istiqamətlər üzrə də fikir mübadiləsi aparılıb, əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.