Azərbaycan və Türkiyənin təhsil sahəsi üzrə həmkarlar ittifaqlarının rəhbərliyi arasında onlayn görüş olub

113

Oktyabrın 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) təşəbbüsü ilə Türkiyənin Eğitim-Bir-Sen həmkarlar ittifaqının nümayəndə heyəti ilə onlayn görüş keçirilib.
Görüşdə iki qurum arasında əməkdaşlığın möhkəmləndirilməsi, qarşılıqlı səfərlərin artırılması və təhsil işçilərinin hüquqlarının qorunması istiqamətində təcrübə mübadilələrinin aparılması məsələləri müzakirə olunub.

ATİAHİ RK-nın sədri Araz Paşayev təhsil işçilərinin beynəlxalq əmək standartlarına uyğun olaraq, hüquqlarının təmin edilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb və tərəflər arasında təcrübə mübadiləsinin əhəmiyyətinə toxunub. Eğitim-Bir-Sen-in rəhbəri Ali Yalçın isə görüşdə iki qardaş təşkilat arasında əməkdaşlığın genişləndirilməsinin, birgə təlimlər, seminarlar və peşəkar inkişaf proqramlarının həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Həmçinin Araz Paşayev Ali Yalçını dekabr ayında Azərbaycana səfərə dəvət edib və bu səfərin iki ölkənin təhsil işçiləri həmkarlar ittifaqları arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyini bildirib. Eğitim-Bir-Sen-in sədri dəvəti məmnuniyyətlə qəbul edib.

Eləcə də görüşdə qarşılıqlı maraq kəsb edən digər zəruri məsələlər ətrafında da müzakirələr aparılıb.

Qeyd edək ki, 450 minə yaxın üzvü ilə Eğitim-Bir-Sen Türkiyənin ən böyük təhsil işçiləri həmkarlar ittifaqıdır və Memur-Sen Konfederasiyasına daxildir. Memur-Sen Konfederasiyası isə 11 sahə həmkarlar ittifaqlarını və 1.1 milyon üzvü əhatə edir.