Gömrük əməkdaşlarının sosial və iqtisadi rifahının yaxşılaşdırılması ilə bağlı tədbir təşkil edilib

170

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatı Baş Gömrük İdarəsində “Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin gömrük əməkdaşlarının sosial və iqtisadi rifahının yaxşılaşdırılmasında rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədr müavini Asəf Ağayev təmsil etdiyi qurumun strukturu, fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, görülmüş işlər barədə ümumi hesabatı, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) həyata keçirilən islahatlar, AHİK-in inkişaf strategiyası və rəqəmsallaşdırma sahəsində yerinə yetirilən fəaliyyət barədə ətraflı məlumatı iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, Birlik öz fəaliyyətini qüvvədə olan qanunvericilik aktları ilə yanaşı, Dövlət Gömrük Komitəsi ilə bağlanılmış Kollektiv Sahə (tarif) Sazişinə uyğun olaraq həyata keçirir.

Vurğulanıb ki, son dövrlər gömrük əməkdaşları arasında kommunikasiyanın və pozitiv korporativ mədəniyyətin, həmçinin komanda ruhunun artırılması istiqamətində bir çox birgə sosial tədbirlər təşkil edilir, o cümlədən üzvlərin hüquqları və qanuni maraqlarının qorunması üzrə zəruri işlər görülür.

Üzvlərin sağlamlığının qorunması üçün AHİK-in “Kurort” QSC-nin nəzdində olan sanator-kurort müəssisələrinə yollayışların verildiyi, “Sağlam gömrükçü” devizi altında PUSH 30 şirkəti ilə birlikdə ölkə ərazisindəki 250-dən çox idman zalında “Standart” abunəliyə 40 faiz və “Plus” abunəliyinə 50 faizlik endirimlə gömrük əməkdaşları üçün kampaniyaya başlanıldığı, bu kampaniya çərçivəsində əlavə olaraq müəllimlərlə qrup şəklində fərdi məşq proqramının 3 ay müddətində ödənişsiz qaydada həyata keçiriləcəyi diqqətə çatdırılıb.

Əməyin mühafizəsi sahəsində görülmüş işlər barədə danışan Birliyin əməkdaşı Yaşar Yusubov ərazi gömrük orqanlarında mövcud vəziyyətin öyrənilməsi və ümumi proseslərin təkmilləşdirilməsi istiqamətində olduqca zəruri tədbirlərin görüldüyünü bildirib.

Sonda qarşılıqlı müzakirə şəraitində davam edən tədbirdə iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.