AHİK-in nümayəndələri Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyinin VIII qurultayında iştirak ediblər

230

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin birinci müavini İlyas Əliyev və AHİK sədrinin beynəlxalq məsələlər üzrə müşaviri Fuad Ələkbərov Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyinin VIII qurultayında iştirak ediblər.

Tədbirdə çıxış edən Fuad Ələkbərov qurultay iştirakçılarını AHİK sədri Sahib Məmmədovun adından salamlayıb və qurultayın işinə uğurlar arzulayıb.

Azərbaycan ilə Albaniya arasında münasibətlərə toxunan müşavir hər iki dövlət başçısının səyləri nəticəsində ölkələrimiz arasında əlaqələrin bir çox sahələr üzrə inkişaf etdiyini diqqətə çatdırıb.

Ölkələrimizin həmkarlar ittifaqları sahəsində əməkdaşlığından bəhs edən Fuad Ələkbərov əlaqələrin Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirildiyini deyib. Bildirib ki, 2019-cu ildə AHİK ilə Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyi arasında əməkdaşlıq haqqında imzalanan saziş sıx münasibətlərimizin bariz nümunəsidir.

Onun sözlərinə görə, həmrəylik və ortaq səylər vasitəsilə bütün işçilər üçün daha ədalətli və layiqli iş mühitini yarada bilərik. Həmçinin vurğulayıb ki, qurultayda verilən qərarlar üzvlərin sosial-iqtisadi hüquqlarının qorunmasına və onların sosial problemlərinin həllinə mühüm töhfələr verəcək.

Qeyd edək ki, qurultayda Azərbaycan da daxil olmaqla 50-dək ölkənin müvafiq sahə üzrə nümayəndəsi iştirak edib. Gezim Kalaya yenidən Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyinin prezidenti seçilib.