Azərbaycan tarixinə qızıl hərflərlə yazılan möhtəşəm Zəfərimizin şanlı səhifələrindən biri – Zəngilanın işğaldan azad olunmasından 4 il ötür

76

Vətən müharibəsinin 24-cü günü – 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi tarixə həkk olundu.

Yenilməz Ordumuz qısa vaxt ərzində sürətli hücumla Zəngilan əməliyyatını zəfərlə yekunlaşdırdı. Bu əməliyyatda Azərbaycanın Sərhəd Qoşunlarının göstərdiyi fədakarlıq Silahlı Qüvvələrimizin bütün qoşun növlərinin və birləşmələrinin peşəkar səviyyədə olduğunu bir daha sübut etdi. Əsgər və zabitlərimizin rəşadəti və yüksək döyüş qabiliyyəti sayəsində işğal altında qalmış 132 kilometr İranla sərhəd xətti tam olaraq Azərbaycanın nəzarətinə keçdi, eləcə də Ermənistanla sərhədə çatmış oldular. Uğurlu Zəngilan döyüşü Azərbaycan Ordusuna yeni ruh verdi, düşmən üzərində psixoloji üstünlüyü artırdı, növbəti əməliyyatlar üçün stimul oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il dekabrın 23-də Zəngilanda Azərbaycan bayrağını ucaltdı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən, şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Zəngilan rayonuna səfər ediblər, burada aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olublar. Zəngilana həyat yenidən qayıdır və öz doğma sakinlərini nəvazişlə bağrına basır. Keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarında görmək hər bir azərbaycanlının qəlbini qürur hissi ilə doldurur.