Tariximizə qızıl hərflərlə yazılan möhtəşəm Zəfərimizin Füzuli səhifəsi

171

Zəfər tariximizin şanlı səhifələrindən biri – Füzuli şəhərinin Ermənistan işğalından azad edilməsindən dörd il ötür.

44 günlük Vətən müharibəsinin 21-ci günü, yəni 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri və rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri işğalçılardan azad edildi. Vətən müharibəsinin gedişində Füzuli əməliyyatının strateji mahiyyəti olduqca böyük idi. Bu rayon Hadrut və Cəbrayıldan sonra işğaldan azad edilmiş üçüncü böyük yaşayış məntəqəsi olmaqla yanaşı, həm də ermənilərin məğlubedilməzliyi barədə yaradılmış mifin mərkəzində dayanan Ohanyan səddinin keçdiyi və bir neçə cərgə güclü istehkam və müdafiə xətlərinin olduğu ərazi idi. Buna görə də Füzulinin işğaldan azad olunması erməni ordusunun sıralarında fərariliyin və ruh düşkünlüyünün geniş vüsət almasına, Azərbaycan Ordusunun daha da qətiyyətlə irəliləməsinə səbəb oldu, həmçinin Şuşaya və digər işğal altında olan torpaqlara doğru böyük zəfər yürüşünün yeni mərhələsi başladı.

Hazırda işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Füzuli rayonunda da sürətli bərpa və quruculuq işləri aparılır, nəqliyyat və kommunikasiya xətləri çəkilir, yaşayış binaları, evlər inşa edilir.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Füzuli rayonuna dəfələrlə səfər edib, aparılan genişmiqyaslı tikinti və quruculuq işləri ilə yaxından maraqlanıb, Füzuli Beynəlxalq Hava Limanı, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi və digər müəssisələrin, yaşayış məntəqələrinin açılışlarını edib.

Artıq insanlar öz doğma torpaqlarına qayıdaraq xoş güzəranlarını qururlar. İndiyədək Füzuli şəhərinə 823 ailə, 3136 nəfər qayıdıb. İnanırıq ki, çox keçməyəcək ki, dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin adını daşıyan bu qədim diyarda da həyat əvvəlkindən gözəl, toy-büsatlı olacaq, insanlar xoş və firavan ömür sürəcəklər.