Cəmşid Naxçıvanski adına hərbi liseydə Beynəlxalq Müəllimlər Günü qeyd olunub

160

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi (BHİK) tərəfindən Cəmşid Naxçıvanski adına hərbi liseydə tədbir keçirilib.

Tədbirdə şəhidlərimizin Müdafiə Nazirliyi sistemində, Bakı və Sumqayıt şəhərlərində müxtəlif təhsil ocaqlarında, həmçinin hərbi liseydə və Heydər Əliyev adına Ali Hərbi İnstitutda müəllim vəzifəsində çalışan həyat yoldaşları, ilk həmkarlar ittifaqı komitələrinin sədrləri iştirak ediblər.

İştirakçılar əvvəlcə liseydə yaradılmış Heydər Əliyev müzeyində Ümumilli Liderin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlərlə, gördüyü işlər, həyata keçirdiyi tədbirlər, qəbul etdiyi mühüm əhəmiyyətli qərarlar, sərəncamlar, sənədlər, fotolar, filmlər və albomlarla tanış olublar.

Sonra görüş muzeyin akt zalında davam edib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Müdafiə Nazirliyi BHİK-nın sədri K.Rzayev şəhid xanımlarını salamlayaraq onları Müəllimlər Günü münasibətilə təbrik edib, şərəfli peşələrində uğurlar arzulayıb. O, Vətən torpaqlarının azad olunmasında müəllimlərin illərlə məktəblərdə vətənpərvəlik ruhunda apardığı təlim-tərbiyənin böyük rolu olduğunu vurğulayıb.

Müdafiə Nazirliyi BHİK-nin sədr müavini A.Məmmədova isə cəmiyyətimizin inkişafında müəllim rolundan danışıb.

Tədbirdə hərbi liseyin rəisi, Vətən müharibəsi qəhrəmanı polkovnik A.Mirzəyev çıxış edərək şəhid xanımlarını, onların şəxsində bütün müəllimləri bayram münasibətilə təbrik edib, keçdiyi şərəfli döyüş yolundan söz açıb, hərbi liseyin məzunlarının Vətən müharibəsində göstərdiyi döyüş şücaətləri barədə iştirakçılara geniş məlumat verib. Onun sözlərinə görə, respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları Ordumuzun yaranmasında, Vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olublar. Lisey məzunlarından 1000 nəfərdən çoxu göstərdikləri şücaətə görə, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən orden və medallarla təltif olunub, 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 19 nəfər isə Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülüb.

Heydər Əliyev adına Ali Hərbi İnstitutun texniki fənnlər kafedarsının baş müəllimi, şəhid Əbdülhüseyn Məmmədovun həyat yoldaşı Azadə Məmmədova, liseyin metodisti-ingilis dili müəllimi, şəhid Anar Məmmədovun həyat yoldaşı Nəzirə Məmmədova və Sumqayıt şəhərində yerləşən 64 saylı uşaq bağçasının müəllimi, şəhid Murad Rəhimlinin həyat yoldaşı Qəmər Rəhimova çıxışlar edərək şəhid yoldaşlarının keçdiyi döyüş yollarından danışıb, ölkə rəhbərliyinin, eləcə də Nazirliyin onlara göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilat işi və hüquq şöbəsinin baş məsləhətçisi R.Babayeva AHİK rəhbərliyi adından şəhid xanımlarını, liseyin müəllim heyətini Müəllimlər Günü münasibətilə təbrik edib, Konfederasiya tərəfindən himayəyə götürülmüş şəhid ailələri ilə əlaqədar görülən tədbirlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

Sonda şəhid xanımlarına fəxri fərman, gül dəstəsi və hədiyyələr təqdim olunub.