Naxçıvanda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

204

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Naxçıvan Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Tədbir iştirakçıları tərəfindən Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı qonaqlara muzeydə Ümummilli Liderin siyasi fəaliyyətinin Naxçıvan dövrü, zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib.

Beynəlxalq Müəllimlər Günü münasibətilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilən tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Müəllim əməyini yüksək qiymətləndirən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva bu şərəfli yolda səylə çalışan pedaqoqları təbrik edib, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb.

Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyasının təhsil sektorunda xüsusilə diqqəti cəlb etdiyini diqqətə çatdıran T.Quliyeva “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ı da təhsil siyasətinin, institutsional və insan kapitalının inkişafı baxımdan mühüm yer tutduğunu vurğulayıb.
Dövlət proqramında ümumtəhsil müəssisələrinin maddi-texniki bazanın, infrastrukturun inkişafı, ölkəyə inteqarsiyanın təmin olunmasının əsas istiqamətlərdən biri olduğunun qeyd edən səlahiyyətli nümayəndəliyin əməkdaşı bildirib ki, bu məqsədlə də Naxçıvanda STEAM əsaslı tədris, müəllimlərin mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə işə qəbulu, ədalətli şəkildə qiymətləndirmə sistemi tətbiq edilir. Bütün bunlar təhsilverənlərin peşəkar inkişafı baxımından böyük uğur hesab edilir.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov şərəfli peşə sahiblərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb.
Nazir bildirib ki, müəllim əməyinə verilən yüksək qiymətin nəticəsidir ki, muxtar respublikada 400-dən çox müəllim Əməkdar müəllim fəxri adına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif edilib. Muxtar respublikanın ümumtəhsil məktəblərindən 8 müəllim “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” 8 müəllim isə döş nişanı ilə təltif olunub.
2024-cü ili şagird nailiyyətləri baxımından Naxçıvan təhsili üçün ən uğurlu illərdən biri olduğunu qeyd edən E.Nəcəfov şagirdlərin buraxılış və qəbul imtahanlarında son 5 ilin ən yüksək nəticələri əldə etdiyini diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatının Humanitar və sosial məsələlər şöbəsinin aparıcı məsləhətçisi Həsən Kərimov, Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və Ordubad şəhər tam orta İnternat məktəbinin müəllimi Müseyib Abutalıbov çıxış edərək, müəllimlərin gənc gəslin təlim-tərbiyəsində, formalaşmasında, onların vətənpərvərlik ruhunda böyüməsində rolunu qeyd ediblər, şərəfli peşə sahiblərinə fəaliyyətlərində uğurlar arzulayıblar.

Qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Son illərdə təhsil sahəsində əldə edilən nailiyyətlər və nəzərdə tutulan tədbirlər Azərbaycan təhsilinin bundan sonra da davamlı şəkildə inkişaf edəcəyinə zəmin yaradır.

Sonra təhsil sahəsində səmərəli fəaliyyətinə görə bir sıra müəllimə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Naxçıvan Muxtar Respubliası Təhsil Nazirliyinin Fəxri fərmanları, “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanıları, həmçinin hədiyyələr təqdim olunub.