Bədii yaradıcılıq festivalının qalibləri mükafatlandırılıb

243

Oktyabrın 4-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş bədii yaradıcılıq festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədri Araz Paşayev dövlətimizin gənclər siyasətindən danışıb. Bildirib ki, gənclərin rifahına xidmət edən dövlət proqramlarının icrası gənclərin potensialının inkişafına, məşğulluğunun təmin olunmasına mühüm töhfələr verir. Onun sözlərinə görə, dövlətimiz tərəfindən gənclərin dövlət quruculuğu prosesində və ölkənin ictimai-siyasi həyatında fəaliyyəti təmin olunur, yaradıcı gənclərin potensialı, qüvvəsi, bilik və bacarığı yüksək qiymətləndirilir, həmçinin gənclərin təhsil və sosial problemlərinin həlli, onlar üçün yaradıcı mühitin formalaşdırılması, gənc ailələrin sosial, məişət problemlərinin aradan qaldırılması istiqamətində davamlı işlər görülür.

Araz Paşayev bildirib ki, bədii yaradıcılıq festivalı ATİAHİ RK və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib: “Festivalın məqsədi Ulu Öndər Heydər Əliyevin mədəniyyətimizlə bağlı ideyalarını təbliğ etmək, həmçinin gənclərimizə vətənpərvərlik ruhunu aşılamaq, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət etməklə gənclərimizin bədii-estetik səviyyəsini yüksəltməkdir. Eləcə də mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək də məqsədlər arasındadır”.

Komitə sədri qaliblərin seçilməsində göstərdikləri peşəkarlığa görə, münsiflər heyətinin üzvlərinə də təşəkkür edib.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, Azərbaycanda gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub: “Hazırda bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla icra olunmaqdadır. Gənclər siyasəti Azərbaycanda prioritet istiqamətlərdən birini təşkil edir. Hər il gənclərin inkişafı ilə bağlı fərmanlar və sərəncamlar imzalanır, dövlət proqramları uğurla icra olunur. Bu tədbirlər gənclərimizi uğurlara ruhlandırır”.

Nazir müavini eyni zamanda festival qaliblərini təbrik edib, onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə iştirak edən tələbələr də öz növbəsində göstərilən diqqət və qayğıya görə təşəkkür edərək, bu tədbirin hər il təşkil edilməsini və yekun konsertin Şuşa şəhərində keçirilməsini təklif ediblər.

Sonda festival qaliblərinə diplom və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, bu ilin may ayında Heydər Əliyev Sarayında keçirilmiş festivalın yekun konsertində 26 ali təhsil müəssisəsinin tələbələrindən ibarət özfəaliyyət kollektivləri iştirak edib.