AMEA Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə şəhid ailələri ilə görüş keçirilib

149

27 Sentyabr – Anım Günündə AMEA Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə Akademiyanın Rəyasət Heyətində şəhid ailələrinin üzvləri ilə görüşü keçirilib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tarixi anlara şahidlik etdiyimiz bu günlərin təməllərinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, “Horadiz” əməliyyatı ilə düşmənin ağır məğlubiyyətə uğradıldığını və nəticədə atəşkəsin imzalanması ilə Azərbaycanın gələcək inkişafına qədəm qoyduğunu söyləyib. Qeyd edib ki, dahi liderin apardığı diplomatik və iqtisadi siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı bütün sferalarda öz inkişafının ən yüksək mərhələsinə qaldırmaqla güclü, modern ordu yaratdı.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq düşməni kapitulyasiyaya məcbur etdiyini deyən akademik İsa Həbibbəyli 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində isə ərazi bütövlüyümüzün tam bərpa edildiyini bildirib. Vurğulayıb ki, Azərbaycanda və dünyada yaşayan bütün soydaşlarımız Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə Dövlət Bayrağımızı ucaltmasını və Xankəndi şəhərində keçirilən hərbi paradı böyük fəxr və qürurla izləyib. AMEA rəhbəri həyata keçirilən genişmiqyaslı tədbirlərin davamı olaraq ölkə başçısının 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edildiyini bildirib.

Sonra AMEA-nın Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov çıxış edərək bildirib ki, Azərbaycan böyük dövlətçilik tarixinə malik olmaqla keçmişi böyük zəfərlərlə zəngindir və bu zəngin tarix xalqımızın qəlbində 30 illik işğalın bir gün növbəti zəfərimizlə nəticələnəcəyinə ümid verirdi. S.Həsənov Lider-Xalq-Ordu birliyinin Azərbaycanı tarixi Qələbəyə apardığını, həmrəyliyimiz nəticəsində düşmənin ağır məğlubiyyətə uğradıldığını söyləyib.

Görüşdə həmçinin Birinci Qarabağ müharibəsi şəhidi Adıgözəl Bəşirovun atası Aşur Adıgözəlov və Vətən müharibəsi şəhidi Pərvin Həmidovun anası Bahar Şükürova çıxış ediblər.

Daha sonra akademik İsa Həbibbəyli AMEA-nın Azad Həmkarlar İttifaqı tərəfindən hazırladılmış xatirə nişanlarını şəhid ailələrinə təqdim edib.