Dövlət aqrar inkişaf mərkəzlərində hesabat-seçki yığıncaqları keçirilib

13

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin (ASİHİB) xidmətinə daxil olan Salyan və Sabirabad rayonlarının Dövlət Aqrar İnkişaf mərkəzlərinin ilk həmkarlar ittifaqı komitələrində hesabat-seçki yığıncaqları keçirilib.

Yığıncaqlarda həmkarlar ittifaqı komitələrinin və təftiş komissiyalarının hesabatları dinlənilib və ittifaq üzvləri tərəfindən qənaətbəxş olaraq qiymətləndirilib. Sonra komitələrə sədr seçkiləri keçirilib, rəyasət heyəti və təftiş komissiyalarının tərkibi təsdiqlənib.

Tədbirlərdə çıxış edən ASİHİB-nin şöbə müdiri Anar Tağıyev üzvlərin əmək və sosial hüquqlarının müdafiəsi, onların müalicə və sağlamlıq imkanları ilə təmin olunması, maddi yardım və mükafatların verilməsi, eləcə də mədəni-kütləvi tədbirlərin keçirilməsində həmkarlar ittifaqlarının vəzifələrini yeni seçilən sədrlərin diqqətinə çatdırıb.

Sonda Dövlət Aqrar İnkişaf mərkəzlərinin rəhbərləri həmkarlar ittifaqlarının fəaliyyətindən razılıqlarını ifadə ediblər.