AHİK sədri Sahib Məmmədov PARŞ-nin prezidenti ilə görüşüb

133

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov ölkəmizdə səfərdə olan Pan Avropa Regional Şurasının (PARŞ) prezidenti İqor Zubko ilə görüşüb.

Görüşdə AHİK sədri işçilərin əmək hüquqlarının qorunması ilə bağlı Azərbaycan həmkarlar ittifaqlarının atdığı addımlardan, tətbiq etdiyi yeniliklərdən, üstünlük verdiyi təcrübələrdən danışıb, qarşıdakı planları qeyd edib.

O həmçinin iqlim dəyişmələri fonunda ədalətli keçidə nail olmaq, işçilərin haqlarını daha etibarlı qorumaq üçün AHİK-in gördüyü işlərdən də söz açıb.

AHİK-in PARŞ ilə münasibətlərinə xüsusi önəm verdiklərini vurğulayan Konfederasiya sədri Sahib Məmmədov bu əlaqələrin daha da dərinləşməsi istiqamətində fəal iş aparacaqlarını bildirib.

Görüş üçün təşəkkür edən PARŞ-nin prezidenti İqor Zubko öncə Bakıda iştirak etdiyi “İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri” mövzusunda beynəlxalq konfransın əhəmiyyətindən, mövzunun aktuallığından danışıb, nəticələrin bütün iştirakçılar üçün faydalı olacağını qeyd edib.

Bildirib ki, AHİK-in fəaliyyəti və təcrübəsi bir çox ölkələrin həmkarlar ittifaqları üçün nümunədir və PARŞ bu qurumla əməkdaşlıqdan məmnundur. Qonaq AHİK-in bundan sonra da yeni inkişaf reallıqlarına və müasir çağırışlara əsaslanaraq üzvlərinin hüquqlarını layiqincə qoruyacağına əminliyini ifadə edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.