AHİK-in üzv təşkilatı ASİHİB Göygöldə keçirilən Moruq festivalının əsas tərəfdaşlarındandır

234

Azərbaycanda ilk dəfə Göygöl rayonunda Moruq festivalı keçirilir. Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan festivalın tərəfdaşları arasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi (ASİHİB) də yer alıb.

Festivalın təşkilində məqsəd bölgənin turizm sektoru üzrə rəqabət qabiliyyətini yüksəltmək, aqroturizmin inkişafına dəstək vermək, Göygöl rayonunun unikal cəhətlərini, burada istehsal olunan kənd təsərrüfatı məhsullarını tanıtmaq, moruq istehsalının təşviqi yolu ilə iqtisadiyyatın inkişafına töhfə verməkdir.

Tədbirin açılış mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Rəcəb Öztop, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov çıxışlar edərək dövlətimizin aqrar siyasətindən, ölkə başçısı cənab İlham Əliyevin bu sahəyə diqqət və qayğısından danışıb, Moruq festivalının aqrar və turizm sahələrinin inkişafına verəcəyi töhfələri qeyd ediblər.

ASİHİB-nin sədri Fuad Məmmədov isə çıxışında ilk dəfə keçirilən bu festivalın Göygöl rayonunun turizm və aqrar potensialının daha səmərəli istifadəsinə töhfə olacağını vurğulayıb.

Qeyd edək ki, Göygöl rayonunun Keşkü kəndində 3 hektar ərazidə təşkil olunan festivalda yerli istehsalçılar tərəfindən təqdim olunan moruq sortlarının dequstasiyası və satışı təşkil edilib. Festivala gələn ziyarətçilər 100-ə yaxın fermer və sənətkarın istehsal etdiyi məhsullar və xalq tətbiqi sənətkarlıq nümunələri ilə tanış olub, bəyəndikləri məhsulları ən sərfəli qiymətə almaq imkanı qazanıblar. Tədbir çərçivəsində qonaqlar üçün müxtəlif əyləncəli şou proqramlar nümayiş olunur.