“İlin peşəkar gənci” fəxri adına layiq görülmüş gömrük işçiləri təltif olunub

254

Sentyabrın 11-də Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyində gömrük xidməti sahəsində çalışan, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən 2023-cü il üzrə “İlin peşəkar gənci” fəxri adına layiq görülmüş gənclərə mükafatların təqdim olunması ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Birliyin sədri Rövşən Namazov, sədr müavini Asəf Ağayev, Dövlət Gömrük Komitəsinin əməkdaşları – Məhəmməd Nəcəfli, Səyyad Tərlanlı və Şəhla Mirzə-zadə iştirak edib.

GİHİB-nin sədri Rövşən Namazov tədbir iştirakçılarını salamlayaraq ölkəmizdə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. İstedadlı və yaradıcı gənclərin üzə çıxarılması və onların qabiliyyətlərinin inkişaf etdirilməsinin dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayan R.Namazov gömrük xidməti sahəsində də gənclərin aktiv rol oynadığını qeyd edib.

Sonra Rövşən Namazov tərəfindən xidməti fəaliyyətində fərqlənən və AHİK tərəfindən 2023-cü il üzrə “İlin peşəkar gənci” fəxri adına layiq görülmüş gənclərə diplom, döş nişanı və vəsiqələrin təqdim edilməsi mərasimi keçirilib.

“İlin peşəkar gənci” fəxri adına layiq görülmüş Tibbi Xidmət İdarəsinin elmi-təcrübi tədris mütəxəssisi, Tibbi Xidmət İdarəsinin İlk Həmkarlar İttifaqı Komitəsinin sədri, gömrük xidməti leytenantı Şəhla Mirzə-zadə çıxış edərək onlara göstərilən etimada görə öz təşəkkürünü bildirib, həmkarlar ittifaqının qayğısının və diqqətinin gənclərin peşəkar inkişafında və gələcək motivasiyasında böyük əhəmiyyətə malik olduğunu qeyd edib. Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, “İlin peşəkar gənci” fəxri adı gənc nəslin müxtəlif sənət növlərinə, peşələrə və əmək fəaliyyətinə marağının artırılması, bacarıqlarının respublikamızın sosial-iqtisadi inkişafına səfərbər edilməsi və həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirilməsi məqsədilə AHİK tərəfindən 2015-ci ildə təsis edilib.