Aqrar sahədə yeni həmkarlar təşkilatı təsis olunub

597

16 avqust 2024-cü il tarixdə “AZERA Holding”-də təxminən 2500 üzvü özündə birləşdirən həmkarlar təşkilatı təsis olundu. “AZERA Holding”-in tərkibində 30-dan artıq şirkətlər qrupu mövcuddur, holdinqin sıralarında kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Sara qrup”, “Kroun-ko”, “Binə-Agro”, “Toxumçuluq və tingçilik mərkəzi”, “Agroland Azəzbayycan”, “Agro Bitki Klinikası”, “Fruitland” kimi böyük şirkətlər mövcuddur.

Təsis konfransında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Musa Mirzəyev, “AZERA Holding”-in idarə heyyətinin sədri Səbuhi Abdullayev və Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov çıxış edərək işçilərin həmkarlar təşkilatı yaratmaq təşəbbüsünü yüksək qiymətləndirib, dəstəklərini ifadə etdilər. Rəsmi çıxışdan sonra kollektivləri təmsil edən nümayəndələr prosedura uyğun olaraq Birləşmiş Həmkarlar Təşkilatı yaratmaq təşəbbüslərini ifadə ediblər. “AZERA Holding” MMC-də Birləşmiş həmkarlar təşkilatı təsis olunub, onun rəhbər heyyəti və təftiş komissiyasının üzvləri seçilib. Səsvermə nəticəsində Səbuhi Səmədov təşkilatın sədri seçilib.

Sonda Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov yeni seçilən heyyəti təbrik etdi, yeni seçilmiş sədrə uğurlar arzu etdi, ölkəmizin ən iri holdinqlərindən birində yeni yaradılmış həmkarlar təşkilatının ən nümunəvi təşkilatlardan biri olacağına əminliyini ifadə edib.