“29 İqlim Söhbəti: COP29-a gedən yol” silsiləsi çərçivəsində seminar keçirilib

276

İyulun 24-25-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Beynəlxalq Əmək Təşkilatı (BƏT), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə “COP29 İqlim Müzakirəsi: COP29-a gedən yol” silsiləsi çərçivəsində “Azərbaycan Respublikasında ətraf mühitin dayanıqlığına doğru genderə həssas ədalətli keçidin təşviqi” mövzusunda seminar keçirilib.

Seminarın gündəliyinə COP29-a hazırlıq prosesində sosial tərəfdaşlarla birgə fəaliyyət, əmək bazarı ilə bağlı birgə mövqe sənədinin hazırlanması, iqlim dəyişikliyi ilə əlaqədar fəaliyyətlərdə gender bərabərliyi, inklüzivliyin təminatına xüsusi önəm verilməsi, ən yaxşı beynəlxalq təcrübələrin paylaşılması və bilik-təcrübə mübadilələrinin həyata keçirilməsi ilə bağlı panel müzakirələri daxil edilib.

Tədbirdə hökumət rəsmiləri, beynəlxalq qurumların, sahibkarlar və həmkarlar təşkilatlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər iştirak ediblər.

Seminarın açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev qlobal problemlərdən biri olan iqlim dəyişikliklərinin mənfi təsirlərini vurğulayaraq ətraf mühitin dayanıqlığına doğru proseslərdə gender prinsiplərinə həssas və ədalətli yanaşmanın, inklüzivliyin vacibliyini qeyd edib.

Bu ilin noyabr ayında Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Beynəlxalq ictimaiyyətin iqlim dəyişiklikləri ilə mübarizədə irəliləyişlərə səfərbər edilməsində COP29-un vacib rol oynayacağı bildirilib. COP29-a hazırlıq prosesində ölkələrə dəstək olmaq üçün BƏT-in bilik və təcrübə mübadiləsi vasitəsilə genderə həssas ədalətli keçidin təşviqinə yönələn layihəsinin önəmi diqqətə çatdırılıb.

BƏT-lə birgə təşkil olunan hazırki seminarın, sahibkarlar və həmkarlar təşkilatları, digər maraqlı tərəflərin COP29-a töhfə vermək üçün birgə səylərinin güclənməsinə, həmin ən mötəbər qlobal tədbirə hazırlıq və təcrübələrin paylaşılması üçün sosial dialoqun təşviqinə xidmət etdiyi vurğulanıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri Ziya Hacılı və BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin müəssisələrin İnkişafı və yaşıl iş yerləri üzrə baş mütəxəssisi Kristina Martinez çıxış edərək, keçirilən seminarın əhatə etdiyi mövzunun vacibliyini və bu mövzuda bilik və təcrübə mübadilələrinin əhəmiyyətini vurğulayıblar.

Tədbirin ikinci günündə hökumət rəsmiləri, beynəlxalq qurumların, həmkarlar və sahibkarlar təşkilatlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər konkret təşəbbüslərlə iştirak ediblər.