26 İyun – Silahlı Qüvvələr Günü xalqımız tərəfindən böyük çoşqu ilə qeyd olunur, silsilə tədbirlər keçirilir, şəhidlərin xatirəsi anılır, qazilərin qəhrəmanlıqları xatırlanır, şəhid və qazi ailələrinə baş çəkilir.
Silahlı Qüvvələr Günü Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının sədr müavini Fətəli Bəyimov, Mühafizə departamenti Birləşmiş həmkarlar ittifaqı komitəsinin sədri İsmayil Abdullayev, Depatamentinin yerli şöbəsinin əməkdaşları Gəncə şəhər qovşağında olub, müharibə iştirakçısı olan dəmiryolçularla bir sıra görüşlər keçiriblər.
Tədbir iştirakçıları əvvəlcə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Mühafizə departamentinin Yüklərin və obyektlərin mühafizə şöbəsinin Gəncə yüklərin və obyektlərin mühafizə komandasında keçmiş atıcısı Asif Qocayevin Şəhidlər xiyabanında məzarını ziyarət ediblər. Qəhrəman şəhidimizin xatirəsi dərin ehtiramla yad olunub, məzarı önünə tər gül-çiçək dəstələri qoyulub.
Sonra şəhidin ailəsinə baş çəkilib, bayram sovqatı və maddi yardım təqdim edilib.
Qeyd edək ki, 44 günlük Zəfər savaşında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin 200-ə yaxın əməkdaşı iştirak edib, onlardan 13 nəfəri yaralanıb, 4 nəfəri qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlib. 125 nəfər müxtəlif medallarla təltif edilib.