Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya komissiyasının tibb üzrə eksperti, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar həkimi, dünyanın bir çox ölkələrində tanınmış alim və həkim – allerqoloq Lalə Allahverdiyeva “Duzdağ Müalicə Mərkəzi”ndə olub. Professor Mərkəzdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və Naxçıvan Dövlət Üniversitetinin rektoru Elbrus İsayevlə görüşüb. Qonaqlar Duzdağ Müalicə Mərkəzini ziyarət edib, yaradılan şərait və görülən işlərlə tanış olublar. Həmçinin həkim-allerqoloq Mərkəzdə müalicə alan xəstələrlə söhbət apararaq onlara həkim məsləhəti verib. Sonra Qonaqlar üçün Mərkəzdə çay süfrəsi təşkil edilib. Görüş zamanı gələcək əməkdaşlıq məsələləri də müzakirə edilib.
Alim bildirib ki, Naxçıvandakı “Duzdağ Müalicə Mərkəzi” potensial imkanlarına görə Azərbaycanın unikal tibb müəssisəsidir və bu müəssisənin dünya speleoterapiya təcrübəsində analoqu yoxdur. Ziyarət zamanı Professor Lalə Allahverdiyeva Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevə kitabını hədiyyə edib. Həmçinin Şura sədri də qonağa xatirə olaraq duzdan hazırlanan hədiyyə təqdim edib.
Qeyd edək ki, Lalə Allahverdiyeva Azərbaycan speleoterapiyasının və Naxçıvan “Duzdağ” mağarasının dünya miqyasında tanınması məqsədilə dəfələrlə beynəlxalq forumlarda, konqreslərdə, simpoziumlarda məruzələrlə çıxış edib.