Davamlı inkişaf, səmərəli islahat, real nəticə

288

Prezident İlham Əliyev Naxçıvanın geostrateji mövqeyini artıq qlobal səviyyəyə yüksəldib

Tarixinin ən qüdrətli Azərbaycanı artıq Qafqazın lider statusundan Avrasiya məkanının güc mərkəzinə çevrilib. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı, logistik qovşaq amilindən əlavə həmçinin əməkdaşlıq, sülh və inkişaf çağırışları ilə qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul olunur.
Bu kontekstdə tam müstəqil siyasəti ilə bütün bu reallıqları yaradan Prezident İlham Əliyev regional liderlikdən qlobal nüfuz sahibinə çevrilib.
Ölkəmizin güc mərkəzinə çevrilməsi, inkişafına görə dünyada tanınmasının əsas şərtlərindən biri də bölgələrimizin davamlı yüksəlişidir. Təsadüfi deyil ki, Qarabağ və Şərqi Zəngəzurdakı quruculuğun bənzəri yoxdur. Həmin layihələr dünyanın ən nəhəng layihələridir.
Azərbaycanda davamlı inkişafda olan bölgələrin ön sırasında dayananlardan biri də Naxçıvandır. Prezident İlham Əliyev Naxçıvanı inkişafına görə Azərbaycanın lider bölgəsi kimi səciyyələndirib. Ötən əsrin 90-cı illərində ağır blokada, erməni təcavüzü, çətin sosial-iqtisadi böhranla üzləşən Naxçıvanın bu gün qitələri birləşdirməsi, Orta dəhlizin mühüm qovşağına çevrilməsi, türk dünyasının əməkdaşlıq mərkəzi kimi tanınması, məhz Heydər Əliyev siyasətinin – İlham Əliyev fəaliyyətinin real nəticəsi, daha dəqiq desək, təntənəsidir!

Blokada, çətin sınaqlar və qurtuluş missiyası 

Türk dünyası üçün mühüm strateji əhəmiyyət kəsb edən, Şərqlə Qərbin qovşağında, böyük İpək yolunun üzərində yerləşən qədim yurdumuz Naxçıvan tarixən gərgin mübarizələr meydanına çevrilib. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində Naxçıvan uzun müddət tam təcrid və ağır blokada şəraitində qalıb.
100 illik yubileyini qeyd edən muxtar respublikanın tarixinə qısa nəzər yetirsək görərik ki, bu yurdun ağır sınaqlardan qurtuluşu Ulu Öndər Heydər Əliyevin uzaqgörən, qətiyyətli siyasəti sayəsində reallaşıb. Dəqiq söyləsək, muxtar respublikanın son 50 illik siyasi dövrü məhz dahi şəxsiyyətin adı ilə bağlıdır.
Xüsusilə, Ümummilli Liderin 1990-1993-cü illərdə Naxçıvanda olması, nəinki Naxçıvanı, eləcə də Azərbaycanı böyük təhlükədən xilas edib. Dahi şəxsiyyətin Naxçıvanın blokadadan çıxarılması üçün atdığı ilk addımlardan biri qardaş Türkiyə ilə əlaqələrin qurulması olub. Həmin dövrdə Naxçıvanda Ulu Öndərin “Bir millət, iki dövlət” fikirlərinin reallığa çevrilməsi mərhələsi başlanıb. Dahi şəxsiyyətin 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu” imzalanıb. Həmin il mayın 28-də iki ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu hesab olunan Sədərək-Dilucu körpüsü istifadəyə verilib. Körpünün istifadəyə verilməsi ilə Naxçıvanda blokadanın ağır fəsadlarının tədricən aradan qaldırılmasına, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına, muxtar respublikanın dünyaya tanıdılmasına, Qərbə inteqrasiyasına başlanılıb. Eyni zamanda bu, Türkiyənin şərq vilayətlərinin inkişafına təkan verib, nəqliyyat əlaqələrinin inkişafı və beynəlxalq daşımalar üçün yeni istiqamət müəyyənləşdirib. Ulu Öndərin təşəbbüsü ilə yaradılan “Ümid körpüsü” iki qardaş xalqı bir-birinə qovuşdurmaq, yurddan-yurda, könüldən-könülə körpü salmaq baxımından mühüm əhəmiyyət kəsb edib. Bu körpü Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının başlanğıcı olub.
Naxçıvanlılar həmişə olduğu kimi, müdrikliyini göstərərək Ulu Öndərin ətrafında bir yumruq kimi sıx birləşib və erməni işğalçılarına tutarlı cavab veriblər. Ulu Öndərin qətiyyəti, müdrikliyi, cəsarəti, naxçıvanlıların ona olan inamı bu ağır sınaqdan çıxmaq üçün əlverişli imkan yaradıb.

Naxçıvanda əsası qoyulan qardaşlıq Şuşa zirvəsində daha da möhkəmlənir

Ulu Öndər Heydər Əliyevin muxtar respublikanın inkişafına göstərdiyi xüsusi diqqət hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən birini təşkil edir.
Əgər Ulu Öndər Heydər Əliyevin türk xalqları arasında əməkdaşlıq platformasına çevirdiyi “Ümid körpüsü” üzərində müstəqil türk dövlətlərinin mütəşəkkil birliyinin əsası qoyuldusa, Prezident İlham Əliyev Naxçıvanı türk dünyasının əməkdaşlıq mərkəzi statusuna sahibləndirdi. Avrasiyada yeni güc mərkəzi kimi tanınan Türk Dövlətləri Təşkilatının (yaradılarkən adı Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası) 15 il öncə, 2009-cu ildə yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə görüşündə qəbul edilməsi də, bu qədim Azərbaycan yurdunun türk dünyası üçün böyük rəmzi əhəmiyyətə malik olduğunu göstərir.
Naxçıvan şəhəri 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilib. Naxçıvanın islam mədəniyyətinin və gənclərin paytaxtı olması həm də keçmişlə gələcək arasında sağlam körpü, nəsillərarası qırılmaz mənəvi bağlar deməkdir.
İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərimiz isə yeni reallıqlar formalaşdırdı. Qars müqaviləsindən 100 il sonra – 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsi iki dost və qardaş ölkənin Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etdi. Şuşa Bəyannaməsi Qars müqaviləsinin məntiqi davamı olmaqla, Cənubi Qafqazda münasibətlərin yeni istiqamətdə inkişafının əsasını qoydu. Bu gün istisnasız olaraq qeyd etməliyik ki, həm Qars müqaviləsi, həm də Şuşa Bəyannaməsi regionda sülhə, sabitliyə və əməkdaşlığa təminat verən mühüm tarixi-hüquqi sənədlərdir.
Prezident İlham Əliyevin milli maraqlara əsaslanan, müasir dövrün reallıqları və çağırışlarına cavab verən çoxşaxəli siyasətində türk dövlətləri ilə ortaq mənəvi dəyərlərə və müştərək strateji maraqlara əsaslanan münasibətlərin inkişafı xüsusi yer tutur. Dövlət başçısı türk dünyasında əməkdaşlığın dərinləşdirilməsinə, xüsusilə də Türk Dövlətləri Təşkilatının gücləndirilməsinə böyük önəm verir.
Azərbaycan Prezidentinin ideya və təşəbbüsü əsasında 2009-cu il oktyabrın 3-də imzalanan Naxçıvan Sazişi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması, mütəmadi olaraq mühüm qərarların qəbul olunduğu Zirvə görüşlərinin keçirilməsi və digər amillər çoxtərəfli əlaqələrin gücləndirilməsi üçün etibarlı zəmin yaratmış, bu təsisat uğurlu inkişaf yolunu keçərək beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malik Türk Dövlətləri Təşkilatına çevrilmişdir. Naxçıvanda əsası qoyulan qardaşlıq bu gün Şuşa zirvəsində daha da möhkəmlənir, daha da təşkilatlanır.
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şuşa şəhərində Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümünə həsr olunmuş “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda keçirilən beynəlxalq konfrans da bunu bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin 2023-cü ilin iyulun 5-də imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncamı isə Naxçıvanın yeni tərəqqisinin yol xəritəsi hesab edilir. Məhz bunun nəticəsidir ki, hazırda muxtar respublika dövlət proqramları və infrastruktur layihələrini uğurla gerçəkləşdirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir. Naxçıvan beynəlxalq miqyaslı mötəbər tədbirlərin ardıcıl keçirildiyi məkanlardandır.
Prezident İlham Əliyev Naxçıvanın geostrateji mövqeyini artıq qlobal səviyyəyə yüksəldib.

Naxçıvanda inkişaf faizlərlə deyil, dəfələrlə ölçülür 

Naxçıvan bütün sahələr üzrə böyük sürətlə inkişaf edərək, sözün əsl mənasında, möhtəşəm intibah mərhələsi yaşayır. Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvanda Prezidentin Səlahiyyətli Nümayəndəsi İnstitutunun fəaliyyətə başlaması və məqsədyönlü islahatların uğurla həyata keçirilməsi ilə muxtar respublikada yeni inkişaf mərhələsinin başlanması təmin edilib və qədim diyar bu gün modern yüksəliş dövrünə qədəm qoyub.
Dövlət başçısının təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” isə qədim yurdumuzun modern inkişafını şərtləndirən çox mühüm sənəddir. Dövlət proqramının Təfsilatlı Tədbirlər Planında nəzərdə tutulan layihələrə nəzər yetirdikdə aydın şəkildə görünür ki, tezliklə muxtar respublikanın sosial-iqtisadi, mədəni həyatında yeni inqilabi yeniliklər olacaq.
Ümumiyyətlə, Naxçıvanın hazırkı inkişafı onu deməyə əsas verir ki, inkişaf faizlərlə deyil, dəfələrlə ölçülür. Bunu sosial-iqtisadi göstəricilərə nəzər yetirsək, aydın görə bilərik.
Məsələn, 2023-cü il maliyyə göstəriciləri baxımından Naxçıvan Muxtar Respublikası üçün uğurlu il olub. Ötən il iqtisadi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalı 1 milyard 395 milyon 758 min manat olub, hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı isə 2 min 988 manat təşkil edib.
2023-cü ildə Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirləri 152,2 milyon manat plana qarşı 121,13 faiz və ya 184 385 484 manat məbləğində icra edilib, büdcəyə nəzərdə tutulandan 32 163 484 manat çox vəsait toplanıb. İl ərzində Naxçıvan büdcəsinin xərcləri 605 013 000 manat proqnoza qarşı 16,6 faiz və ya 100 696 957 manat az, 504 316 058 manat məbləğində icra edilib. Bu məbləğ 2022-ci ilin analoji xərc göstəricisindən (605 869 766) 101 553 723 manat azdır.
Bu isə o deməkdir ki, Naxçıvan büdcəsi ötən il səmərəli və qənaətlə xərclənib, şəffaflıq, dürüstlük əsas prinsip kimi götürülüb.
2023-cü ildə Azərbaycan Respublikasının mərkəzləşdirilmiş xərclərindən Naxçıvan Muxtar Respublikası büdcəsinə ayrılan dotasiya nəzərdə tutulandan (452 791 000 manat) 30,43 faiz və ya 137 791 000 manat az, 315 milyon manat məbləğində icra edilib. 2023-cü ildə alınmış dotasiya 2022-ci illə müqayisədə (425 milyon manat) 110 milyon manat az olub.
Bu da onu göstərir ki, artıq mərkəzdən asılılıq azalıb, daxildə yeni resurslardan, iqtisadi imkanlardan daha səmərəli istifadə edilib. Muxtar Respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən sahələrin yaradılması istiqamətində tədbirlər görülüb.
Əminliklə deyə bilərik ki, bütün bu uğurlar Prezident İlham Əliyev tərəfindən Muxtar Respublikada həyata keçirilən islahatların ruhuna uyğundur.
2023-cü ildə muxtar respublikada 593 milyon 899 min manat dəyərində sənaye məhsulu istehsal edilib ki, bunun da 529 milyon 326 min manatı və ya 89,1 faizi malların, 64 milyon 573 min manatı və ya 10,9 faizi isə xidmətlərin payına düşüb. Ümumi sənaye məhsulunun 85 faizi qeyri-dövlət sektorunda istehsal edilib. Sənayenin inkişafı məqsədilə təsərrüfat subyektlərinə bank və kredit təşkilatları tərəfindən 2023-cü ildə 41 milyon 52 min manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 3,5 dəfə çoxdur. Ötən il muxtar respublikanın kənd təsərrüfatında 358 milyon 429 min manatlıq məhsul istehsal edilib. 2023-cü ildə muxtar respublikada 1094 yeni iş yeri açılıb ki, bu da 2022-ci ildəki müvafiq göstəricidən 2,7 dəfə çoxdur. Açılmış iş yerlərinin 224-ü dövlət sektorunda, 870-i isə qeyri-dövlət sektorunda qeydə alınıb. Bütün açılmış iş yerləri daimi xarakterli olub.
Əhalinin sosial təminatının yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülüb. Belə ki, müvafiq nazirliyin və tabe qurumların fəaliyyəti ilə bağlı elektronlaşmaya dair, ümumilikdə, 17 elektron alt sistem yaradılıb ki, bunlardan 10-u tam və ya qismən tətbiq olunub.
Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən olan şəhid ailələrinə, veteranlara diqqət və qayğı hər zaman yüksək səviyyədə həyata keçirilib. Hər zaman şəhid ailələrinə, qazilərimizə xüsusi həssaslıqla yanaşan Prezident İlham Əliyev onların hərtərəfli təminatı üçün fərman və sərəncamlar imzalayıb. Postmüharibə dövründə şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslər mənzil və avtomobillərlə təmin ediliblər və proses bu gün də davam etdirilir. Bütün bölgələrimizdə olduğu kimi, Naxçıvanda da bu kateqoriyadan olan ailələrə xüsusi həssaslıqla yanaşılır.
Ötən il Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“Dəstək” Fondu) tərəfindən 195 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsə, o cümlədən “Zəfər düşərgəsi”ndə iştirak edən 30 nəfər şəhid övladı və 14 şəhid ailəsi üzvünə, ümumilikdə, 477 min 799 manat məbləğində vəsait xərclənib. Dövr ərzində 3 min 315 şəxs əlillik dərəcəsi alıb. İl ərzində aztəminatlı ailələrə ödənilmiş ünvanlı dövlət sosial yardımının məbləği 5 milyon 140 min 465 manat təşkil edib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin 28 aprel 2023-cü il tarixli məktubuna uyğun olaraq muxtar respublikada yaşayan 2700 aztəminatlı, şəhid və qazi ailələrinə 245,768  manat dəyərində ərzaq sovqatı verilib.
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının da fəaliyyətinə nəzər yetirsək, burada da uğurlara, atılan müsbət addımlara şahidlik etmiş olarıq. Ötən il Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən 540 nəfərə maddi dəstək göstərilib, 7700 nəfər aztəminatlı ailəyə sovqat göndərilib. Təkcə onu demək kifayətdir ki, ötən 3 ildə Naxçıvanda çox mühüm sosial layihələr həyata keçirilib və 14 min ailəyə yardımlar göstərilib.
Ümumilikdə, bu ilin son 5 ayının göstəriciləri də onu deməyə əsas verir ki, Naxçıvanda bütün sahələrdə yüksəliş davam edir. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların bəhrəsidir desək, yanılmarıq.
Prezidentin Səlahiyyətli Nümayəndəliyinin fəaliyyəti göz önündədir. Naxçıvana hər səfərimdə bu dəyişiklik və inkişafı konkret faktlar, yeni quruculuq, abadlıq məkanlarının timsalında aydın görürəm. Eyni zamanda seçicilərin razılığı da göstərir ki, Naxçıvan yeni hədəflərə doğru düzgün yoldadır. Seçicilərimlə hər dəfə görüşəndə bu dəstəyə, qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini, minnətdarlıqlarını çatdırırlar.

Naxçıvan qlobal “hab”a çevrilir

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda əksini tapmış inkişaf strategiyasının həyata keçirilməsinin 11 istiqamət üzrə ən əlverişli və münasib icra mexanizmləri, maliyyə mənbələri müəyyən edilib. Muxtar respublikanın inkişafının siyasi və iqtisadi cəhətdən qiymətləndirilməsi və proqnozlaşdırılması zamanı elmi prinsiplərə də istinad edilib. Bu mühüm sənəd hazırkı mərhələdə yeni Naxçıvanın meydana çıxmasına imkan yaradacaq.
Sənədə əsasən, Azərbaycan-Türkiyə dövlət sərhədində Araz çayı üzərində yeni körpü tikiləcək; Azad İqtisadi Zona yaradılacaq; vergidən və gömrük rüsumlarından azadedilmə güzəştləri tətbiq olunacaq; yeni aqro və sənaye parkları yaradılacaq; Batabatda və Ordubadda Tematik parklar salınacaq; Naxçıvan şəhərində tramvay xətti çəkiləcək; yeni bərpaolunan enerji (əsasən günəş) stansiyaları, həmçinin istilik-elektrik stansiyaları tikiləcək; UNESCO-nun maddi-mədəni irs nümunələri üzrə əsas siyahısına salınacaq tarixi-memarlıq abidələri müəyyənləşdiriləcək.
Naxçıvanda Azad İqtisadi Zonanın yaradılması muxtar respublikanın inkişaf konsepsiyasının əsas maddəsidir. Bu dövlət proqramının mövcud reallıqlar bölməsində regionun xarici dövlətlərlə sərhəddə yerləşməsi nəzərə alınmaqla bölgədə vergi və gömrük güzəştləri müəyyən edilməklə rəqabətqabiliyyətli ticarət qovşağının yaradılması imkanının dəyərləndirilməsi deməkdir. Muxtar respublikaya investisiyaların cəlb edilməsi və bu investisiyaların artırılması hərtərəfli inkişaf üçün vacibdir.
Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da “yaşıl enerji zonası” elan edib. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub.
Əlverişli coğrafi mövqedə yerləşən Naxçıvanın münasib iqlim şəraiti burada bərpaolunan enerji istehsalı üçün yaxşı imkanlar yaradır. Bu da muxtar respublikanın region üçün strateji əhəmiyyətini getdikcə artırır. Bütün bunlar istilik-elektrik stansiyalarında yandırılan böyük miqdarda yanacağa qənaətlə yanaşı, ətraf mühitə atılan zərərli tullantıların miqdarını da xeyli azaldacaq.
Qədim Naxçıvan diyarı Şərqlə Qərbin qovşağında, tarixi ticarət yollarının üzərində yerləşdiyi üçün hələ Orta əsrlərdə dünya ipək ticarətinin əsas mərkəzlərindən birinə çevrilmişdi. Həm İrandan Gürcüstan və Dağıstana gedən ticarət yolu üzərində yerləşməsi, həm də Naxçıvan tacirlərinin Avropanın böyük sənaye mərkəzləri ilə geniş əlaqələr qurması bölgənin hərtərəfli inkişafına səbəb olmuşdu.
Naxçıvan Muxtar Respublikasını Azərbaycanla bağlayan dəmir yolu xətti 1941-ci ildən fəaliyyət göstərirdi. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1991-ci ildən bu dəmir yolu xətti fəaliyyətini məcburi şəkildə dayandırdı və bununla da Muxtar Respublikanın Azərbaycanın digər bölgələri ilə quru əlaqəsi tamamilə kəsildi. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən və uzunluğu 638 kilometr olan yolun 44 kilometri Ermənistan üzərindən keçir və bu yol 30 il müddətində tam blokada şəraitində olub.
44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm qələbəsi Avrasiyanın geoiqtisadi xəritəsində yeni imkanlar yaratdı. Beynəlxalq nəqliyyat sisteminin yenidən qurulması bir çox Asiya ölkəsi üçün, eləcə də Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan üçün çox əhəmiyyətlidir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dəmir yolu nəqliyyatının bərpa edilməsinə dair razılaşdırmanın əldə olunması və bu regionu Azərbaycanın digər rayonları ilə əlaqələndirən yeni avtomobil yolunun çəkilməsinin planlaşdırılması qədim diyarın müasir inkişafında xüsusi əhəmiyyətə malik olacaq. Zəngəzur dəhlizi isə Naxçıvanın türk-islam dünyasına açılan qapı kimi rolunu artıracaq. Bununla yanaşı, Naxçıvana quru dəhlizin açılması, bütövlükdə, Azərbaycan iqtisadiyyatının, eləcə də turizmin inkişafı istiqamətində olduqca zəruri addımdır. Ölkəmizin coğrafi imkanları və turizm potensialının artırılması üçün həm işğaldan azad olunmuş torpaqların, həm də Naxçıvan ərazisinin tam formatlı şəkildə inteqrasiyasını təmin etmək üçün bu dəhliz böyük rola malikdir.
Zəngəzur dəhlizi Azərbaycanın Türkiyə vasitəsilə Avropaya, İran yolu ilə Asiyaya, Bakıdan keçməklə Rusiyaya doğru əlaqələrinin genişləndirilməsində böyük rol oynayacaq. Bununla da gələcəkdə regionda həm sosial-iqtisadi münasibətlər, həm də turizm əlaqələri daha da genişlənəcək.
Zəngəzur dəhlizinin açılması ilə Naxçıvana Türkiyə, Rusiya və digər ölkələrdən gələn turistlərin sayı da artacaq. Bu dəhliz türk dünyasına inteqrasiyada da mühüm rol oynayacaq. Türkiyənin Naxçıvan vasitəsilə Orta Asiyaya çıxışı isə qeyd-şərtsiz muxtar respublikanın iqtisadi inkişafına öz töhfəsini verəcək. Türkiyə və Orta Asiya iqtisadi əlaqələrinin ən əlverişli marşrutu üzərində olmaq Naxçıvanı turizm sahəsində daha ön sıralara daşıyacaq. Yəni bu dəhliz Orta dəhlizin əsas xəttini təşkil edəcək.
Ümumi olaraq, ölkə iqtisadiyyatının dayanıqlılığı nöqteyi-nəzərindən dəhlizin açılması uzun müddətli perspektivdə milli iqtisadiyyatımızda investisiyaların xüsusi çəkisinin artmasına səbəb olacaq. Şübhəsiz ki, investisiyaların artımı və digər ölkələrdən Azərbaycanın, o cümlədən Naxçıvanın dayanıqlı iqtisadi artımının sürətlə inkişaf etməsinə müsbət şərait yaradacaq. Eyni zamanda dəhlizin istifadəyə verilməsi ölkəmizdə və muxtar respublikada qeyri-neft sektoru üzrə istehsal edilən məhsulların dünya bazarına çıxarılması imkanlarının genişlənməsinə şərait yaradacaq.
Yüksəlişinin yeni mərhələsində olan Naxçıvan Prezident İlham Əliyevin islahatlar kursuna uyğun olaraq daha möhtəşəm inkişaf yolunda inamla addımlayır. Tezliklə açılacaq Zəngəzur dəhlizi isə Naxçıvanı qlobal nəqliyyat-tranzit “hab”ına çevirəcək və qədim yurdumuz Avrasiya məkanının mühüm körpüsü statusuna sahiblənəcək.

Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

“Azərbaycan” qəzeti,

25.06.2024