AMEA Gəncə Bölməsinin Həmkarlar ittifaqı 7 illik hesabatını verib

293

Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Həmkarlar ittifaqının 2017-2023-cü illər ərzində gördüyü işlər Bölmənin əməkdaşlarının ümumi iclasında müzakirə edilib.
İclasda Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov da iştirak edib.

İclası giriş sözü ilə AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq bildirib ki, elm ocağı yarandığı və inkişaf etdiyi bütün dönəmlərdə Həmkarlar ittifaqı əməkdaşların ən çətin günlərində onlarla birgə olmuş, xüsusən koronavirus mühitində daim onlara köməklik göstərmişdir.

Akademik Fuad Əliyev bugünkü toplantında Həmkarlar ittifaqının kollektiv qarşısında hesabat verməklə yanaşı, əməkdaşların səmərəli təklif və tövsiyələrinə həssalıqla yanaşacağına inandığını bildirib.

2017-2023-cü illər ərzində görülən işlər haqqında AMEA Gəncə Bölməsinin Həmkarlar ittifaqının sədri Nailə Hacıyevanın hesabatı dinlənilib.

İclasda çıxış edənlərdən Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova, Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov, Bölmənin sədr müavini Sara Əzizova Həmkarlar ittifaqının son yeddi ildəki fəaliyyət və hesabatını qənaətbəxş qiymətləndirmiş, həmçinin təşkilatın sədrinin işgüzar, səmimi və həssas şəxsi keyfiyyətlərini təqdir ediblər. Nailə Hacıyevanı yenə bu vəzifənin rəhbəri seçilməsi üçün ən layiqli namizəd kimi dəyərləndiriblər. Ümumi iclasın iştirakçıları da söz alaraq bu fikir və təkliflərlə həmrəy olduqlarını bildiriblər.

İclasda Həmkarlar ittifaqının Təftiş komissiyasının sədri Yeganə Əliyeva da hesabatla çıxış edib.

Təşkilatın komitə üzvlüyünə namizədlər açıq səsvermə yolu ilə 7 nəfərlik heyəti müəyyənləşib və öz namizədləri Nailə Hacıyevanı AMEA Gəncə Bölməsinin Həmkarlar Təşkilatının sədri seçiblər.

İclasda Təftiş komissiyasına Yeganə Əliyevanın namizədliyi verilib. Komissiyaya Y.Əliyeva sədr olmaqla 3 nəfərlik heyət də seçilib.

Toplantıda daha bir məsələ AMEA Azad Həmkarlar İttifaqının VIII qurultayına nümayəndələrin seçilməsi ilə bağlı olub. Səsvermə yolu ilə AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev və Bölmənin Həmkarlar ittifaqının sədri Nailə Hacıyeva bu elm ocağından həmin qurultaya nümayəndə seçiliblər.

İclasda AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov çıxış edərək Gəncə Bölməsinin əməkdaşlarına, onun sədri akademik Fuad Əliyevə AMEA prezidenti, akademik İsa Həbibbəylinin salamlarını çatdıraraq Gəncənin bu başlıca elm ocağının fəaliyyətinin daim yüksək qiymətləndirildiyini vurğulayıb. O, Gəncə Bölməsinin uğurlu fəaliyyətində Həmkarlar ittifaqının əməyinin də böyük rolunun olduğunu qeyd edib. S.Həsənov seçilmiş rəhbər heyətini bir daha təbrik edərək onlara Həmkarlar ittifaqının fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Sonda Sənan Həsənov həmmüəllifi olduğu “Heydər Əliyev və İlham Əliyev: güclü dövlət, qələbənin fəlsəfəsi, Böyük Qayıdış” adlı kitabın nüsxələrini AMEA Gəncə Bölməsinin kitabxanasına hədiyyə edib.

AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Sənan Həsənova Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Gəncə şəhərinə 20 səfəri haqqında Bölmədə nəşr edilmiş kitabları hədiyyə edib.