Normadan artıq isti və küləkli hava şəraitində iş rejimi necə olmalı və buna hansı qurum nəzarət edir?

518

Xəbər verdiyimiz kimi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Əmək Məcəlləsinin 233-cü maddəsinə əsaslanaraq yay mövsümünün başlanması ilə əlaqədar üzv təşkilataların xidmətinə daxil olan müəssisə və təşkilatlarda havanın hərarəti 41 dərəcəni keçərsə, açıq havada işlərin dayandırılmasına ictimai nəzarətin həyta keçirilməsini tövsiyə edib.

AHİK-in Hüquq, Əməyin mühafizəsi və Mətbuat və ictimaiyyətlə əlaqələr şöbələrinin birgə məlumatında göstərilir ki, burada məqsəd iş yerlərində sağlamlığa mənfi təsir edən isti havalarda açıq şəraitli iş yerlərində işçilərə müəyyən olunmuş qaydada fasilələrin verilməsi və ya işin dayandırılmasına həmkarlar ittifaqlarının ictimai nəzarətinin gücləndirilməsini təmin etməkdən ibarətdir. Əmək Məcəlləsinin 2-ci əlavəsində işçilərə fasilələrin verilməsi və işin dayandırılması üçün əsas hesab edilən havanın tempraturu və küləyin gücü göstərilib.

Azərbaycan Respublikasının Konstitutsiyasında nəzərdə tutulduğu kimi, əmək hüquqlarının tənzimlənməsi çərçivəsində işəgötürən əməyin təhlükəsizliyi və gigiyenası tələblərinə cavab verən iş şəraiti yaratmalıdır. Əmək müqaviləsi və kollektiv müqavilələrdə bu məsələlər nəzərdə tutulur və nəzarəti həmkarlar təşkilatları yerinə yetirir, həmçinin nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi və işçinin əməyinin təhlükəsizliyinin təmin edilməsi işəgötürənin əsas vəzifələrindən biridir. Əmək müqaviləsində işçilərin sosial müdafiəsi, əmək şərtləri, iş və istirahət vaxtları və digər məsələlərlə yanaşı, əməyin mühafizəsi üzrə işçinin hüquqları da nəzərdə tutulur.

Əməyin təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsi, sağlam və əlverişli iş şəraitinin yaradılması haqqında məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin IX bölməsində qeyd olunub.

Qeyd edək ki, havanın temperaturu müsbət 41 dərəcəni keçərsə, açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləmək üçün imkan yaradılmaqla fasilələr verilir.

Əmək Məcəlləsinin 233-cü maddəsinin 4-cü hissəsinə əsasən, fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. Soyuq və isti hava şəraitində fasilələr və işin dayandırılması zamanı əməkhaqqının ödənişi sistemində Əmək Məcəlləsinin müəyyən etdiyi normalardan kənaraçıxma halları müşahidə edilərsə, onda tərəflər əməyin mühafizəsinə nəzarət edən orqanlara, həmkarlar ittifaqlarına və ya məhkəməyə müraciət edə bilərlər.

Həmkarlar ittifaqları Əmək Məcəlləsinin 236-cı maddəsinə və “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 13 maddsinə əsasən, nəzərdə tutulmuş hüquqları çərçivəsində əməyin mühafizəsi qaydalarına və müvafiq normativ hüquqi aktlara işəgötürən tərəfindən əməl edilməsinə nəzarətin həyata keçirilməsində iştirak edirlər.