Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin Milli Qurtuluş Günü münasibətilə təbriki

280

Təbrikdə deyilir:

“Müdrik və müzəffər xalqımızı, o cümlədən həmkarlar ittifaqlarının hər bir üzvünü, həmçinin Vətəndən uzaqlarda yaşayan bütün soydaşlarımızı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adından səmimi-qəlbdən təbrik edir, Vətənimizə firavanlıq, rifah, əbədi sülh və tərəqqi arzu edirəm.

Əziz həmvətənlər!

1993-cü il iyunun 15-də xalqın təkidli tələbinə və çağırışına səs verərək Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın taleyində dönüş anı oldu, ölkəmiz dərin ictimai-siyasi və iqtisadi böhrandan, dövlətçiliyi itirmək, ölkəmizin parçalanıb yox olmaq təhlükəsindən, bir sözlə, məhv olmaqdan xilas oldu, ölkədə asayiş və qayda-qanun bərqərar edildi, dirçəlişin sarsılmaz təməlləri qoyuldu.

Xalqın Ulu Öndərə olan möhkəm və sarsılmaz inamı, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti və əzəməti, eləcə də onun xalqına, Vətəninə olan sonsuz sevgisi Azərbaycanı dirçəliş və inkişaf yoluna çıxardı, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlətə çevirdi, Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutmağa başladı.

Dövlətimizin başçısı cənab İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi sayəsində hazırda Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən və beynəlxalq miqyasda əhəmiyyəti gündən-günə artan dövlətə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər, Qarabağa və Şərqi Zəngəzurun işğaldan azad edilməsi və dirçəldilməsi bu uğurların məntiqi nəticəsidir.

Bu gün ölkəmiz tarixinin ən inkişaf etmiş şanlı dövrünü yaşayır, müdrik xalqımızın xoşbəxt həyatı təmin olunub. Xalqımız öz dövlətinin və onun başçısı cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək, azərbaycançılıq ideyasına sadiq qalmaqla daha parlaq gələcəyə doğru inamla irəliləməkdədir. İnanırıq ki, monolit birliyimiz sayəsində dövlətimiz bundan sonra daha da güclənəcək, ən qüdrətli və zəngin ölkə kimi dünyada şöhrət qazanacaqdır.

Bayramınız mübarək olsun, əziz azərbaycanlılar”.