Naxçıvan Həmkarlar İttifaqları Şurası 112 qazi övladına bayram hədiyyələri verib

250

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən 112 qazi övladına bayram hədiyyələri təqdim olunub.

Naxçıvanda 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Uşaqların rəngli dünyası” adlı bayram tədbiri keçirilib. Tədbirdə dövlət, hökumət nümayəndələri, ictimai təşkilatlar, uşaq bağçaları, musiqi məktəbləri, yaradıcı kollektivlər, ictimaiyyət üzvləri, uşaqlar, valideynlər iştirak ediblər. 300-ə yaxın uşaq “Böyük bağ” adlanan ərazinin qarşısından tədbirin təşkil olunduğu Əcəmi seyrəngahına yürüş edib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə uşaqlara daim böyük qayğı göstərən Ümummilli Liderimiz Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Qeyd olunub ki, ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uşaqların o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının və sağlamlıqlarının qorunması, təhsili, asudə vaxtının səmərəli təşkili, həmçinin istedadlarının üzə çıxarılması ilə bağlı tədbirlər görülür. 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə belə möhtəşəm tədbirin keçirilməsi də uşaqlara göstərilən yüksək qayğının bariz nümunəsidir. Bugünkü bayram tədbiri həm də ay ərzində muxtar respublikanın bütün rayonlarında keçirilən uşaqlarla bağlı maarifləndirici tədbirlərin yekunudur.

Sonra Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq bağçalarının balaca fidanları şeirlər səsləndirib, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, uşaq musiqi məktəblərinin yaradıcı kollektivləri bir-birindən maraqlı musiqi və rəqs nümunələri ilə çıxış ediblər.

Bayram tədbiri çərçivəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu), Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən şəhid, qazi ailələrinin uşaqlarına, sağlamlıq imkanları məhdud balacalara, Ordubad rayon İnternat tam orta məktəbinin şagirdlərinə hədiyyələr təqdim olunub. Yeniyetmə və gənclər üçün nəşr olunan “Məktəbli” qəzetinin nömrələri, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin və digər yaradıcı şəxslərin, kollektivlərin əl işləri, rəngarəng stendlər uşaqlarda böyük maraq yaradıb. İştirakçıların asudə vaxtının, mədəni istirahətinin təmini üçün ərazidə iaşə xidmətləri də təşkil olunub.
Tədbir uşaq musiqi məktəbləri kollektivlərinin bədii kompoziyası ilə davam edib.