Lənkəran Regional Elmi Mərkəzinin Həmkarlar Təşkilatının hesabat–seçki iclası keçirilib

216
Mayın 30-da AMEA Lənkəran Regional Elmi Mərkəzində Həmkarlar Təşkilatının (HT) hesabat-seçki iclası keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Lənkəran REM-də AMEA-nın Vətən savaşında şəhidi Mahsun Zahir oğlu Bağırzadənin Xatirə guşəsi önünə təzə-tər qərənfillər düzüblər.
Tədbirdə Lənkəran REM-nin direktoru Mehman Qaraxanoğlu, AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, sədr müavini Şəhla Əmirova, AMEA Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İlham Həsənov və mərkəzin əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən mərkəzin direktoru Mehman Əliyev Həmkarlar Təşkilatının fəaliyyətinin əməkdaşların əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsinin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. Direktor dövlət tərəfindən bu sahə üzrə yeni sosial proqramlar hazırlandığını və həyata keçirildiyini də qeyd edib.
İclasda Lənkəran REM-nin Həmkarlar Təşkilatının sədri Namik Qasımovun 6 illik fəaliyyətinin hesabatı dinlənilib. Hesabat qənaətbəxş hesab olunub. Daha sonra açıq səsvermə yolu ilə Lənkəran REM-in Həmkarlar Təşkilatına yeni sədr seçilməsi baş tutub. Mərkəz əməkdaşlarının yekdil qərarı ilə Namik Qasımov Həmkarlar Təşkilatın sədri və komitə üzvləri yeni heyətə seçiliblər.
Sonda AMEA Azad Həmkarlar İttifaqının sədri, s.e.ü.f.d, dos. Sənan Həsənov məruzə ilə çıxış edərək, Lənkəran REM-də gedən yenilikləri və islahatları diqqətə çatdırıb, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində yeni seçilən sədr və komitə üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.