AHİK-də Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilib

360

Mayın 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə AHİK-in rəhbərliyi və kollektivi iştirak ediblər.

Giriş sözü ilə çıxış edən AHİK sədrinin müavini Aqil Dadaşov iştirakçıları Müstəqillik Günü münasibətilə təbrik edib, Azərbaycanın müstəqillik tarixindən, dövlətçilik ənənələrindən, Xalq Cümhuriyyətinin yaranma zərurətindən və həmin dövrün siyasi şəraitdən danışıb.

AHİK-in Aparat rəhbərinin müavini Qara Ağayev isə çıxışında vurğulayıb ki, müsəlman aləmində ilk demokratik respublika məhz Azərbaycanda qurulub: “Bu, çox böyük tarixi hadisə idi və xalqımızın istedadı, zəhməti, uzaqgörənliyi sayəsində mümkün olub. Cümhuriyyətin tutduğu yol demokratik yol idi, attdığı bütün addımlar da məhz bu prinsiplərdən irəli gəlirdi. Respublikanın Parlamenti, hökuməti, ordusu, gömrük və hüquq-mühafizə orqanları fəaliyyət göstərirdi. Milli rəmzlərə və dövlət atributlarına malik idi, vətəndaş haqlarını və hüquqlarını hər şeydən uca tuturdu. Cümhuriyyət dövründə toplanılan tarixi təcrübə, əsasını qoyduğu demokratiya, demokratik dövlət quruculuğu bu gün onun hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikasında uğurla həyata keçirilir və inkişaf etdirilir”.

Qara Ağayev qeyd edib ki, müasir Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: “Ulu Öndərin hələ ötən əsrin 70-ci illərində xalqımızın milli-mənəvi dəyərlərinin müdafiəsi, ana dilimizin rolunun gücləndirilməsi, azad və sərbəst yaşamaq arzusunu özündə əks etdirən ədəbi-bədii nümunələrin hücumlardan qorunması istiqamətində həyata keçirdiyi düşünülmüş siyasət cəmiyyətdə milli duyğuların baş qaldırmasına şərait yaratdı. 1990-cı ildə Naxçıvan parlamentində Heydər Əliyevin sədrliyi ilə üçrəngli bayrağımızın dövlət rəmzi kimi qəbul edilməsi müstəqillik dövrü tariximizin ən qürurlu səhifələrindən biridir. Həmçinin 1993-cü ildə xalqın təkidli tələbi ilə fenomen şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkəmiz düşdüyü ağır vəziyyətdən qurtuldu, müstəqilliyin itirilməsi təhlükəsi aradan qalxdı və möhkəmləndi”.

Aparat rəhbərinin müavini əlavə edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqillik yolunda inamla irəliləyir: “Ölkəmizin ərazi bütövlüyü bərpa olunub, dövlətimizin suverenliyi Vətənimizin hər bir guşəsində təmin edilib. İndi Azərbaycan yerləşdiyi coğrafiyanın lideri, dünyada isə böyük söz sahibidir. Hətta müxtəlif mövzularda mötəbər beynəlxalq tədbirlər ölkəmizdə keçirilir, dünyanı narahat edən, bəşəriyyətin gələcəyi ilə bağlı vacib qərarlar Bakıdan verilir. Məhz bu amillər qüdrətli Azərbaycanın dünyada yerini və rolunu göstərir”.