Hesabat-seçki konfransları davam edir

296

Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqının Abşeron Regional Elektrik Şəbəkəsi, Bakı Elektrik Stansiyası, Bakı İstilik Elektrik Mərkəzi, Səngəçal Elektrik Stansiyası, Qobu Elektrik Stansiyası, Azərenerjikomplektləşdirmə və Enerjiservistikintitəmirsazlama məhdud məsuliyyətli cəmiyyətlərində hesabat-seçki konfransları və yığıncaqları keçirilib.

Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, həmkarlar İttifaqı komitələrinin, eləcə də təftiş komissiyalarının hesabatları dinlənilib.

Qeyd olunub ki, işçilərin əmək hüquqlarının qorunması, əməyin mühafizəsi, asudə və istirahət vaxtlarının səmərəli təşkilinə ötən dövrdə də diqqət və nəzarət artırılıb. Respublikanın səfalı bölgələrinə işçilər və onların ailə üzvləri üçün gəzintilər təşkil  edilib, müalicə üçün sanatoriyalara yollayışlar verilib.

Tədbirlərdə müəssisələrdəki problemlərdən də danışılıb və onların həlli yolları barədə təkliflər səslənib. Hesabatlar iştirakçılar tərəfindən qənaətbəxş olaraq qiymətləndirilib və təsdiqlənib.

Eyni zamanda qeyd olunan müəssisələrdə seçkilər keçirilib, komitə və təftiş komissiyalarının üzvləri və sədrlər seçilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müavini, Respublika Komitəsinin sədri Musa Mirzəyev və “Azərenerji” ASC-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin  sədri Əfruz Ağayeva tədbirlərdə iştirak ediblər. Onlar yeni tərkibə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, bir sıra tapşırıq və tövsiyələrini veriblər.