Gömrük işçilərinin komandaları arasında futbol yarışı keçirilib

262

Mayın 10-da Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və gömrük xidmətinin yaradılmasının 32-ci ildönümünə həsr olunan futzal idman növü üzrə gömrük orqanları arasında Azərbaycan Texniki Universitetinin idman zalında çempionatın yarımfinal və final qarşılaşmaları keçirilib.

Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov ölkəmizdə idman sahəsində həyata keçirilən dövlət siyasətindən, bu istiqamətdə əldə olunan nailiyyətlərdən danışıb və bu uğurların Ümummilli Lider Heydər Əliyevin ideyaları, Dahi Rəhbərin gənc nəslin sağlam böyüməsi məqsədilə həyata keçirdiyi tədbirlər, idmana göstərdiyi qayğı və dəstək əsasında reallaşdığını vurğulayıb.

Üçüncü yer uğrunda Astara Gömrük İdarəsi və “Azərterminalkompleks” Birliyinin komandaları, 1-ci yer uğrunda isə Dövlət Gömrük Komitəsi Aparatının və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin komandaları qarşılaşıblar. Astara Gömrük İdarəsinin komandası oyunda qalib gələrək 3-cü yerə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin komandası isə 1-ci yerə layiq görülüb.

Sonda qaliblərə mükafatlar təqdim edilib.