“Ötən əsrin 90-cı illərinin əvvələrində Ulu Öndər Heydər Əliyevi böyük arzularla dövlətinin başına gətirən Azərbaycan xalqı bu gün onun təntənəsini yaşayır. Ölkəmizin bütün sahələrini əhatə edən tərəqqi, dönməz inkişaf yolunun möhkəm təməllərini məhz Ulu Öndərimiz müəyyənləşdirib. Və bu gün dünyanın hər yerində uğurlarından bəhs olunan, əsasən Avropada xilaskar dövlət kimi tanınan, əməkdaşlıq etdiyi dövlətlər tərəfindən etibarlı tərəfdaş olaraq təqdir edilən, yeni-yeni reallıqlar yaradan, yerləşdiyi regionun lideri səviyyəsinə yüksələn bugünkü Azərbaycan Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin üzərində qərar tutub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu siyasi kursa sadiq fəaliyyəti, həmçinin peşəkarlığı, böyük bacarığı, düşünülmüş mühüm qərarları və cəsarətli addımları ilə Azərbaycanımızın hərtərəfli inkişafını təmin etdi. Eləcə də Ulu Öndərimizin ən böyük istəyini – Vətənimizin ərazi bütövlüyünü reallığa çevirdi. Hazırda biz Heydər Əliyevin hədəflədiyi, görmək istədiyi ölkədə yaşayırıq. Bu qüdrətli, qürurlu və şanlı Azərbaycandır”.
Bu fikirləri kütələvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev öz müdrik siyasəti və əzmkarlığı ilə tarixin gedişini dəyişdi, Qarabağ münaqişəsini parlaq Qələbə ilə başa çatdıraraq bütün mənasız proqnozları, qərəzli yanaşmaları alt-üst etdi: “Bu, həqiqətən də, çətin bir missiya idi. Qələbəmizdən sonra biz bunu aydın gördük. Kimlər Azərbaycana dil uzatmadı, bu işdən əndişə keçirmədi, müxtəlif bəhanələrlə qətnamələr qəbul etmədi!? Amma nəticə nə oldu!? Bütün cəhdlər iflasa uğradı, çünki Azərbaycan elə bir dönməz yol tutub ki, onun iradəsinə təsir etmək mümkün deyil. Bu, reallıqdır, hər şey isə göz qabağındadır. Biz deyirdik ki, Azərbaycan əleyhinə qəbul olunan sənədlər adi bir kağız parçasıdır. Elə də oldu. Bu gün Prezidentimiz tamamilə məhv edilmiş, dağıdılmış Şərqi Zəngəzuru və Qarabağı yenidən qurur, yeni şəhərlər, qəsəbələr, kəndlər tikir. Sakinlərin öz yurdlarında xoşbəxt və firavan yaşaması üçün hər cür müasir şəraiti yaradır. Ən əsası isə bütün bu işlər Azərbaycanın daxili imkanları hesabına həyata keçirilir. Baxın, budur qüdrətli dövlət, güclü iqtisadiyyat. Artıq keçmiş məcburi köçkünlərin də bir qismi öz yurdlarına dönüb. Onların üzündəki sevinc, fərəh hissi hər birimizi qürurlandırır. Və biz həm də şahid oluruq ki, Vətən anlayışı azərbaycanlılar üçün nə deməkdir”.
“Dövlətimizin başçısının həmin ərazilərə hər səfəri böyük müjdələrlə yadda qalır. Cənab İlham Əliyev hər dəfə yeni qəsəbələrin, kəndlərin təməlini qoyur, yaşayış komplekslərinin, obyektlərin açılışını edir. Onun mayın 10-da – Ulu Öndərin doğum günündə azad edilən ərazilərimizə getməsi də heç də təsadüfü deyil. Bu, Ümummilli Liderin əziz xatirəsinə dərin ehtiramın göstəricisidir. Səfər zamanı daha qürurverici məqamlardan biri də Prezidentimizin Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etməsi və şəhərə köçmüş ilk sakinlərlə görüşü oldu. Şuşa bizim qeyrət qalamızdır, qəhrəmanlıq salnaməmizdir, Vətənə olan sevgimizi dünyaya bəyan edən ən ali dəyərdir. İşğal dövründən, Şuşanın azad edilməsindən tutmuş bugünkü halına qədər xalqımız bunu sübut edib. Şəhidlərimizin qanı ilə daha da müqəddəsləşən, hazırda dirçəliş dövrünü yaşayan əziz Şuşamız artıq sakinlərinə qucaq açıb. Təbii ki, bu mənzərə hər birimizi qürurlandırır. Biz nə qədər sevincliyiksə, Pənahəli xanın, Natəvanın, Vaqifin, Üzeyirin, Bülbülün, həmçinin bütün şəhidlərimizin ruhu da bir o qədər də şaddır”, – Səttar Möhbalıyev qeyd edib.
“Şuşada aparılan quruculuq işlərinin möhtəşəmliyi həm də ondadır ki, şəhərin memarlıq üslubu, özünəməxsusluğu qorunub saxlanır. Tikintilər müasir şəhərsalma qaydalarına əsaslanır, yaşayış evləri daha gözəl və rahatdır. Şuşada, eyni zamanda digər işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərində Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın əməyini xüsusilə xatırlatmaq istərdim. Fond tarixi-mədəni irsin bərpasında, sosial-humanitar infrastrukturun yaradılmasında, quruculuq və abadlıq işlərində böyük fədakarlıq göstərir. Mehriban xanım Əliyevanın göstərişi ilə başlanılan xüsusi layihələrin icrasına yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar. Artıq Fond tərəfindən Şuşada Yuxarı Gövhər Ağa, Saatlı məscidləri, eləcə də Mehmandarovların malikanə kompleksi ərazisindəki məscid bərpa edilib və ötən ildən istifadədədir. Mayın 10-da isə Mamayı məscidinin bərpadan sonra açılışı baş tutdu. Bütün bunlar, ilk növbədə, Mehriban xanım Əliyevanın vətənpərvərliyinin və tariximizə, mədəniyyətimizə, incəsənətimizə olan böyük məhəbətinin təcəssümüdür”, – AHİK sədri vurğulayıb.