AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb

526

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilmiş “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2023-cü ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.

Beynəlxalq Əmək Təşkilatı tərəfindən müəyyən olunmuş 2024-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Günü – “İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığına təsiri” devizi altında keçirilən tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Zakir Əzimov, BƏT-nin Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həmzəyev, AHİK-ə üzv təşkilatların sədrləri, müsabiqədə qalib olmuş müəssisələrin rəhbərliyi və KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin, eyni zamanda istehsalat qəzalarında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev bildirib ki, 2009-cu ildən başlayaraq keçirilən bu müsabiqənin məqsədi işçilər üçün sağlam və təhlükəsiz əmək şəraiti yaratmaq, bu sahəyə məsul olan şəxslərin məsuliyyətini artırmaq və işəgötürənlərin əməyin mühafizəsi məsələlərinə daha həssas yanaşmalarına nail olmaqdır.

Onun sözlərinə görə, Azərbaycanda BƏT-nin 59 Konvensiyası ratifikasiya olunub və konvensiyaların tələbləri Əmək, Mülki, Cinayət Prosessual və İnzibati Xətalar məcəllələrində öz əksini tapıb: “AHİK-in təklifi ilə BƏT-nin 155 saylı “Əməyin təhlükəsizliyi və gigiyenası haqqında” Konvensiyasının ratifikasiyası üçün  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qanun layihəsi hazırlanıb müvafiq qurumlara təqdim olunub. Ötən il fevralın 1-də Prezident İlham Əliyev konvensiyanın təsdiq edilməsi barədə Qanunu imzalayıb. Bundan əlavə, “Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya”da “Əmək təhlükəsizliyinin və gigiyenasının  təşviq edilməsinin əsasları  haqqında”  konvensiya müzakirə edilib və tərəfimizdən ratifikasiya imkanlarının araşdırılması üçün işçi qrupun yaradılması irəli sürülüb. Artıq bu istiqamətdə iş davam etdirilir”.

Həmçinin Səttar Möhbalıyev qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizə həmkarlar ittifaqları üçün də aktualdır, odur ki, bu ilin avqust və sentyabr aylarında Bakıda BƏT-lə AHİK-in tədbirləri nəzərdə tutulub.

AHİK sədri vurğulayıb ki, 2023-cü il ərzində 448 müəssisə və təşkilatda ictimai müayinə işi aparılıb və 1641 pozuntu aşkarlanıb: “Bununla bağlı işəgötürənlərə 274 təqdimat verilib. Pozuntuların 86,59 %-nin aradan qaldırılmasına nail olunub. Nəticədə 59 texnoloji avadanlıq və dəzgah təhlükəsizlik norma və qaydalarına uyğun vəziyyətə gətirilib, 237 nəfərin iş şəraiti yaxşılaşdırılıb. Əməyin mühafizəsinə dair ayrılan vəsaitin düzgün və məqsədyönlü xərclənməsinə həmkarlar ittifaqı komitələri, əməyin mühafizəsi komissiyaları, üzv təşkilatların texniki əmək müfəttişləri tərəfindən həyata keçirilən ictimai nəzarət sayəsində 818 tədbir keçirilib, attestasiya olunmuş iş yerlərinin sayı 2022-ci illə müqayisədə 11,89 %, tibbi müayinədən keçirilən işçilərin sayı isə 6,36 % artıb”.

Konfederasiya sədri diqqətə çatdırıb ki, əməyin mühafizəsi sahəsində təbliğat işinin daha yaxşı təşkil edilməsi məqsədi ilə 8 yeni əməyin mühafizəsi kabineti və 718 guşə yaradılıb, bununla da kabinetlərin sayı 61-ə, guşələrin sayı isə 2060-a çatdırılıb: “Ötən 15 il ərzində bu müsabiqəyə 25000-dən çox müəssisə və təşkilat qatılıb, onlardan 645-i bu yüksək ada layiq görülərək fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Bu, o deməkdir ki, 25000-dən yuxarı müəssisənin işəgötürənləri müsabiqədə iştirak etmək üçün təşəbbüs və fəallıq göstəriblər. Müsabiqənin keçirildiyi müddətdə ölkənin bütün şəhər və rayonlarında 2331 nəfərin iştirak etdiyi seminar, yığıncaq, toplantı və dəyirmi masa təşkil olunub, AHİK və üzv təşkilatları maarifləndirici tədbirlər keçiriblər. Bu müsabiqədə iştirak etmək üçün AHİK-in müsabiqə komissiyasına 2560-dan artıq müəssisə, təşkilat,  sex və  sahədən 291-inin sənədi daxil olub. Onlardan 67-si İcraiyyə Komitəsinin qərarı ilə qalib elan olunub”.

Çıxışının sonunda Səttar Möhbalıyev müsabiqənin qaliblərini qazandıqları bu yüksək nailiyyətə görə tədbir iştirakçıları və şəxsən öz adından təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar diləyib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli çıxışında əmək münasibətlərindən, əməyin mühafizəsindən, leqallaşdırılmasından, sağlam və təhlükəsiz əmək şəraitindən, işəgötürənlərin və işçilərin hüquqlarından, qanunvericilik bazasından və bu sahədə qarşıda duran vəzifələrdən söz açıb.

BƏT-nin Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həmzəyev isə təmsil etdiyi təşkilatla Azərbaycan həmkarlar ittifaqları arasında olan faydalı münasibətlərdən, qurumun konvensiyalarının əhəmiyyətindən, birgə əməkdaşlıq çərçivəsində qarşıda duran vəzifələrdən danışıb.

Sonda müsabiqənin qalibi olmuş Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurası da daxil olmaqla sahələr  üzrə həmkarlar ittifaqını təmsil edən 67 qalib müəssisəyə diplomlar və hədiyyələr təqdim olunub.