Yerli sənaye sahəsində hesabat-seçkilər keçirilib

253

Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçilərinin Gəncə, Mingəçevir, Sumqayıt şəhər, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi və “Azəristiliktəchizat” ASC-nin həmkarlar ittifaqı komitələrində hesabat-seçki yığıncaqları keçirilib.

Yığıncaqlarda komitə sədrləri tərəfindən 2017-2024-cü illər ərzində idarə və müəssisələrdə işləyən işçilərin əməkhaqlarının vaxtında ödənilməsi, bayram günlərində əlavə iş saatlarına görə ödənişlərin təmin edilməsi, zərərli işdə işləyənlərə lazımi xidmətin göstərilməsi, məzuniyyətlərin vaxtında verilməsi, iş saatlarının sə­mə­rəli təşkili, əmək müqavilələrinin bağlanması, gündəlik normal işin təşkili, insanların sosial iqtisadi hüquqlarının qorunması və gender bərabərliyi haqqında hesabatlar verilib və qənaətbəxş hesab olunub.

Həmçinin yığıncaqlarda seçkilər keçirilib, komitələrin yeni tərkibi formalaşıb. Jalə Osmanova Gəncə, Əbdül Əliyev Mingəçevir, Təranə İbrahimova Sumqayıt şəhər həmkarlar ittifaqı komitələrinin sədri vəzifələrinə təsdiqlənib. Eləcə də Zenfira Hüseynova Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Elnur Rəsulov isə “Azəristiliktəchizat” ASC həmkarlar ittifaqı komitəsinin sədri seçiliblər. Tədbirlərdə iştirak edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndələri – Əli Cəfərov və Rauf Hacıyev hesabatları yüksək dəyərləndirib, seçkiləri ədalətli hesab ediblər. Həmçinin onlar həmkarlar ittifaqlarının fəaliyyəti ilə bağlı bir sıra tapşırıq və tövsiyələrini səsləndiriblər.